“Yol
əhvalatı”nda olanlar
40 yaşlı ekran əsəri bu gün də
tamaşaçılarına gülüş
bəxş edir
Kinokomediyanın əsas məqsədi təsvir olunan ədəbi materialın məntiqi dəyərini üzə çıxarmaq, sosial əhəmiyyətli mövzuları təhlil etmək, prinsipial mövqedən çıxış edərək mənfi xarakterli personajları, həyat məsələlərinə mane olan xoşagəlməz nüansları incə gülüş fonunda tənqid hədəfinə çevirməkdir.
Kinorejissor, Əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin 1980-ci ildə quruluş verdiyi “Yol əhvalatı” filmində də iki gəncin səmimi hisslərinə, sevgisinə mane olan, ailə bağlarını qazanc mənbəyi bilən tamahkar, hiyləgər insanlar ifşa olunur, gülüş hədəfinə çevrilir. Əliəyri, müftəxor insanların zəif və komik əlamətləri fonunda cərəyan edən hadisələrdə maraqlı və baməzə xüsusiyyətləri ilə diqqətçəkən obrazlar filmin baxımlılığını, janrın koloritini artırır. Rejissorun yaradıcılığına əminliyi sayəsində isə məhəbbət üçbucağından, melodram janrından uzaqlaşdırılan hadisələrdə prinsipial həyat mövqeyi, ali məqsədi olmayan insanların səciyyəvi (qəribə və gülünc) cəhətləri, davranış qaydaları gülüş hədəfinə çevrilir.
Filmin baş qəhrəmanları olan Mustafa və Zümrüdün səmimi, sadə xarakterli olması ətrafdakıların onların həyatına asanlıqla müdaxilə etməsinə, pak mənəviyyatlarına, qarşılıqlı istəklərinə qəsd (onları ayırmasına) etməsinə, münasibətlərin (dərinliyinə varanda isə ciddi həyat münaqişələrinə səbəb ola biləcək cəhdlərin) vəziyyət komediyasına çevrilməsi nəticəsində hadisələrin xoş sonluqla bitməsinə imkan yaradır. İki həyat tərzini – sadə əmək adamlarının və etik davranış qaydalarını korlayan personajların komik məcraya yönələn münasibətləri sadəlövh sevgililərin xeyrinə müəyyənləşir. Komizmin mənbəyini xarakterdə, insan xislətində görən rejissor maraqlı üsullardan istifadə edərək gülüşün sirrini açmağa, qalibiyyətin yalnız və yalnız düzgünlükdə, insansevərlikdə olduğunu yumorla göstərməyə müvəffəq olub.
Realist yaradıcılıq üslubunda izlədiyimiz, inandırıcı və yaşarı ekran obrazlarını geniş tamaşaçı auditoriyasına sevdirən istedadlı aktyorlardan Siyavuş Aslan, Hacı İsmayılov, Yaşar Nuri, Həmidə Ömərova, Sofa Bəsirzadə, Ceyhun Mirzəyev, Eldəniz Zeynalov və başqaları filmin uğur qazanmasına imkan yaradıb.
***
“Yol əhvalatı” filminin geniş şəkildə
sevilməsinin səbəbini yaradıcı heyətin peşəkarlığı
ilə əlaqələndirən, filmdə rejissor
assistenti kimi
çalışan, həmçinin Fərid rolunu
ifa edən Yusif
Əlizadə deyir: “Filmin
bu gün də maraqla baxılmasının səbəbini kinorejissor Teymur Bəkirzadənin
peşəkarlığı, həmçinin insanlarla
olan mehriban münasibəti
ilə əlaqələndirirəm. Teymur
gözəl insan, gözəl dost idi. Bəzi rejissorlar kimi aktyorlara əsəbiləşmirdi, əksinə,
hamıya düzgün yol
göstərirdi. Çox vaxt
aktyorlara kamera
qarşısında sərbəstlik verirdi”.
Yusif müəllim filmdə Fərid roluna çəkilməsi haqqında da danışdı: “Açığını deyim ki, Fərid roluna çəkilməyim ürəyimcə deyildi. Çünki texniki heyətdə çalışırdım və işlərim də çox idi. Bu rola müğənni, respublikanın Xalq artisti Elxan Əhədzadə çəkilməli idi. Bu barədə Elxanla razılığa da gəlmişdik. Çəkilişə başladığımızda ona zəng edib çəkilişə gəlməli olduğunu dedim. O isə cavabında Bakıda olmadığını, qastrol səfərinə getdiyini bildirdi. Mənsə, təbii ki, təəccüblənərək heç olmasa, bizə xəbər verməli olduğunu və incidiyimi ona söylədim. Elxanın çəkilişə gələ bilməyəcəyini rejissora deyəndə filmdə ikinci rejissor işləyən Rafiq Dadaşov bu rola mənim çəkilməyimi təkid etdi. Mən əvvəlcə bu təklifi həmkarlarımdan mənə olan zarafatyana bir cəza kimi qəbul etdim və razı olmadığımı bildirdim. Teymur Bəkirzadənin, Rafiq Dadaşovun israrından sonra razılaşmalı oldum. Rolun uğursuz alınacağından qorxmurdum. Çünki Teymur Bəkirzadə Mustafa obrazı üçün məni sınaq çəkilişlərində yoxlamışdı. Hətta sınaq çəkilişində Siyavuş Aslan da orda məni görən kimi “elə Yusifi çəkin baş rola” deyərək həmin rola məni uyğun görmüşdü. Amma Terymur Bəkirzadənin fikri başqa idi. Onun bir xasiyyəti vardı ki, bir aktyoru hansısa rola uyğun görəndə mütləq onu çəkirdi. Həmin vaxtlarda “Gürcüstanfilm” kinostudiyasının əməkdaşları Bakıda film çəkirdi. Teymur da Vaxtanq Pançulidzeni çəkilişlərdə görmüşdü və onu Mustafa roluna çəkməyi nəzərdə tutmuşdu. Ona görə də filmin çəkilişlərinə hazırlaşanda ssenarini mənə verib dedi ki, get Eldar Şengelayanın yanına, Vaxtanqı tapmaqda sənə kömək etsin. Həmin illərdə Eldar Şengelaya Gürcüstan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra edirdi. Teymur Bəkirzadə də məsləhətləşmək üçün onu bədii rəhbər olaraq filmin yaradıcı heyətinə daxil etmişdi.
Gürcüstana gedib Vaxtanq Pançulidzeni
filmə çəkmək istədiyimizi ona
bildirdim. Şengelaya məni
Pançulizdenin evinə gətirdi. Hətta
yolda təəccübünü bildirdi ki, Bakıda sənin
kimi elə bir oğlan yoxdurmu ki, ordan bura
aktyor aparmağa gəlirsən...
Biz Vaxtanqın evinə
çatdığımızda o, hələ
də yatırdı. Bizi
qarşıladığında Teymur Bəkirzadənin
fikirlərini ona çatdırdım və
ssenarini verib Bakıda
onu gözləyəcəyimizi bildirdim”.
Çəkiliş prosesində gürcü
aktyoru ilə işləmək o qədər də rahat olmur. Həmsöhbətim bu
barədə deyir: “Çəkilişlər
başladıqdan sonra bir
neçə dəfə Vaxtanqın kaprizləri ilə
qarşılaşsaq da, Teymur
Bəkirzadə onu filmə səbirlə
çəkirdi. Mizanları doğru başa salır, istədiyini ondan
rahatlıqla alırdı. Vaxtanqı Həmidə Ömərova
ilə bir yerdə çəkəndə
bir az çətinliyimiz
olurdu. Vaxtanqın boyu
balaca olduğuna
görə hər dəfə onu Həmidə
ilə birlikdə çəkəndə ayağının
altına daş qoyurduq
ki, uyğunluq olsun. Həmidə də hey
gülürdü. Teymur
naəlac qalıb deyirdi ki,
qoy Həmidə gülüb
qurtarsın, sonra çəkilişə
başlayarıq. Sınaq çəkilişlərində Mustafa roluna alternativ mən idim. Zümrüd rolu
üçünsə Həmidə Ömərova”.
***
“Teymur Bəkirzadə bədii
kinoda ilk işini niyə məhz kinokomediyadan
başladı” sualını Yusif müəllim
belə cavablandırdı: “Teymur Moskvada ali rejissorluq
kursunu bitirdikdən sonra
lirik səpkidə sənədli filmlər
və “Ömrün səhifələri”
kinoalmanaxındakı “Rəqiblər” novellasını çəkmişdi.
Onun yaradıcılıq ruhunda
komedioqraflıq vardı. “Yol əhvalatı”
filminin ssenarisi Asim Cəlilova məxsusdur. Asim
həmin illərdə kinostudiyada baş redaktor işləyirdi.
Ssenarini rus dilində
yazmışdı. Onu təqdim edəndə
Teymur böyük məmnuniyyətlə
götürdü. Filmin
musiqilərini yazmağı Polad Bülbüloğluna həvalə etdi. Polad müəllim çox istedadlı sənətkardır və
hadisələri musiqi dili
ilə çatdırmağı çox
gözəl bacarır. Musiqilər Moskvada yazıldı, hadisələrlə sintezi də uğurlu
alındı. Biz filmin
uğur qazanacağına əmin idik. Çünki Teymur istedadlı rejissor idi, aktyor seçimini
düz edirdi, rollar da uğurlu
alınırdı. Film ekranlara
çıxdıqdan sonra bir
neçə dəfə “baş rola niyə yadelli aktyor çəkmisiniz” deyə sual verirdilər. Amma
sonralar hamıdan müsbət rəy eşidirdim.
Filmə 300 min
rubla yaxın vəsait
ayrılmışdı. 11 aya başa gələn filmi təhvil
verəndə kinostudiyanın bədii şurasında ekran əsərinin bədii rəhbəri Eldar Şengelaya da iştirak etdi, yaradıcı heyəti haqlı olaraq dəstəklədi, filmi
bəyəndiyini söylədi. Filmi
Moskva Kinematoqrafiya
Komitəsinə təhvil verəndə birinci
kateqoriyada qəbul edildi”.
Dinamik kadrların çox olduğu ekran əsərində iki
operatorun (Şərif Şərifov,
Ələsgər Ələkbərov) çalışma səbəbini
isə Yusif Əlizadə səhnələrin
daha çox natura çəkilişlərindən ibarət
olması ilə əlaqələndirdi: “Filmdə əsasən
kran, rels və əl
çəkilişlərindən istifadə edilirdi.
Yol
çəkilişlərini isə operatorlar
maşınla həyata keçirirdilər. Çəkilişlərin
məsuliyyəti əsasən Şərif Şərifovun
üzərinə düşürdü.
Müxtəlif rakursların peşəkar təsviri bizi qane edirdi.
Şərif müəllim Azərbaycan kinooperatorluq
sənətinin ənənələrini yaşadan
görkəmli sənətkarlarımızdandır. Teymur Bəkirzadə işində çox dəqiq idi.
Çəkiliş vaxtı bütün fikri obyektə cəmlənirdi. Ssenari çox dəqiqliklə
yazılmışdı. Biz demək olar ki, ssenaridən kənara
çıxmırdıq. Əgər müdaxilə etsəydik,
əlaqə qırıla bilərdi və əlavələrimizin
digər kadra bağlılığı
olmazdı. İmprovizələr hərdən zarafatla
dördlük
adlandırdığımız (Makintoş-Yaşar
Nuri, Mürşüd-Hacı
İsmayılov, Qurban-Siyavuş Aslan, Paşa-Kamil Məhərrəmov)
aktyorlar arasında olurdu.
Teymur Bəkirzadə
mətnə uyğun gördüyü
ifadələri saxlayırdı. O, filmin ümumi kompozisiyasını tam
olaraq duyub
gördüyünə görə saxladığı bəzi
ifadələr filmə kolorit gətirdi, həmin
ironik replikalar sonralar münasibəti yumşaldan
zərb-məsəl kimi işlədildi”.
***
Mükəmməl dublyaj işi ekran əsərinin uğurunda mühüm rol oynayıb. Bu işdə peşəkar dublyaj rejissoru Novruz Axundovun xüsusi zəhməti olub. Müsahibim bu barədə deyir:
olumu səsləndirmək üçün mənə mətn təqdim
ediləndə çaşıb qalmışdım. Rolu ifa edəndə başqa sözlər demişdim.
Mətndə isə tamamilə başqa
ifadələr yazılmışdı. Mən heç
vaxt dublyajla məşğul
olmamışdım. Mətni oxumağa başlayanda baxırdım ki,
təsvir ötüb keçdi.
Heç cürə mətnlə təsviri
uyğunlaşdıra, artikulyasiyaya əməl
edə bilmirdim. Filmin
“ukladçik”i
(ütüləyicisi) görkəmli sənətkar Həsənağa
Turabov idi. Bir-iki dəfə yoxladıqdan sonra
mənə məsləhət gördü
ki, aktyor
çağırım, oynadığım obrazı səsləndirsin.
Studiyadan çıxıb Şahmar
Ələkbərova zəng etdim. Həmin
vaxtlar Şahmar
kinostudiyanın yaxınlığındakı binada
yaşayırdı. Şahmar gəlib, mətni
ustalıqla səsləndirdi”.
Filmin çəkilişləri əsasən Xaçmazda, Bakıda – Azneftdə, Zabrat aeroportunda aparılıb. Zümrüdün çalışdığı xalçaçılıq fabrikinin daxili hissələri Hacıqabulda, bəzi hissələri isə Bakıda dəmiryolu binasının qarşısında yerləşən xalça fabrikində lentə alınıb. Yusif müəllim çəkiliş məkanlarını çox yaxşı xatırlayır: “Kamil Məhərrəmlinin Mustafa ilə maşında dalaşma səhnəsini Bakıda Hökumət evinin qarşısından Azneft ərazisinə qədər olan məsafədə çəkdik. Zümrüdün dəniz kənarında qaldığı məkan isə Nardaran mayakının binasıdır. Sevindirici haldır ki, tamaşaçılar filmi biz gözlədiyimizdən də çox bəyəndilər. Günü bu gün də “Yol əhvalatı”nda olanlar maraq doğurur, sevgiylə izlənilir”.
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət 2020.- 30
oktyabr.- S.7.