İşğaldan azad edilən bölgələrin folkloru daha dolğun tədqiq olunacaq

Azərbaycanın Qarabağona bitişik bölgələrində yüzlərlə sazlı-sözlü, sinəsi ədəbiyyat inciləri ilə dolu olan insanlar yaşayıblar. Otuz ilə yaxın erməni işğalı altında qalan rayonlarımızın hər biri zəngin folklor ocağı olub. Bu ocaqları ötən əsrin 90-cı illərində böyük dövlətlərin qoltuğuna sığınmış işğalçı erməni vandalları dağıtdılar. Bu gün əminliklə deyə bilərik ki, erməni işğalından azad edilən bölgələrimizdə həyat yenidən öz axarına düşdükdən sonra soydaşlarımız doğma yurdlarında folklor ocaqlarını da yenidən yandıracaq.

Bu fikirləri filologiya elmləri doktoru İslam Sadıq söyləyib. O qeyd edib ki, işğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları folklor örnəklərinin zənginliyi ilə də seçilib. Alim bunlardan bəzilərini diqqətə çatdırıb. Saz-söz ustadı Sarı Aşığın bayatılarını və digər şeirlərini ilk dəfə ötən əsrin 30-cu illərində Qubadlıda yaşayan Bəhlul Behcət rayonun sinədəftərlərinin yaddaşından yazıya alıb və nəşr etdirib. O, həmçinin “Qaçaq Nəbi” dastanını toplayıb və “Qaçaq Nəbinin tarixi” adlı bir əsər yazıb. Əslən Qubadlıdan olan folklorçu Əhliman Axundov Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl rayonlarından çoxlu bayatılar, əfsanə və rəvayətlər, nağıllar, lətifələr, atalar sözü və məsəllər, tapmacalar, qəhrəmanlıq nəğmələri, xalq mahnıları, dastanlarsair toplayaraq 60-cı illərdə ikicildlik “Azərbaycan folkloru antologiyası”nda çap etdirib. Aşıq sənətimizin böyük ustadı Qurbani Cəbrayıl rayonunun Diri kəndindəndir. “Qurbani” dastanının Diri versiyası daha çox Qarabağda yayılıb və onun bir variantı 1960-cı ildə cəbrayıllı Aşıq Humaydan yazıya alınıb. “Tahir və Zöhrə” dastanının bir variantını da Aşıq Humay söyləyib. “Abbas və Gülgəz”, “Seydi və Pəri” dastanlarının variantları da Cəbrayıldan toplanıb.

İslam Sadıq ötən illərdə Qarabağ folklorunun da toplanaraq seriya şəklində nəşr edildiyini diqqətə çatdırıb. “İndiyə qədər 15 kitab işıq üzü görüb. Bu davam etdirilir. İşğaldan azad olunan rayonlarımızda yenidən araşdırmalar aparılacaq, növbəti nəşrlər ərsəyə gələcək”, – deyə o bildirib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı deyir ki, Azərbaycanın folklor xəritəsində Qarabağ folklor mühiti xüsusi mövqeyə malikdir. Qarabağın qədim türk yurdu olduğunu onun folklor nümunələri də təsdiq edir.

İşğaldan azad edilmiş Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının sakinlərindən vaxtilə toplanmış folklor örnəklərindən bəhs edən alim qeyd edir ki, bu nümunələr arasında xalq oyunları və tamaşaları xüsusi yer tutur.

Azərbaycanda geniş yayılan “Xan-xan” tamaşası Füzuli və Qubadlı rayonlarında “Şah bəzəmək” adı ilə məşhurdur. “Sən kimsən?” xalq tamaşası da vaxtilə Füzuli rayonunda qeydə alınıb. Vətənin müqəddəratından, onun müdafiəsindən bəhs edən tamaşada xalqa rəhbərlik edənlərin dünyası açılır. Fırtıq adlı bəyin qohumu döyüşdən al-qan içində, baş-gözü sarıqlı vəziyyətdə qayıdır və xalq onu tanımayıb “sən kimsən?” deyə soruşur. Tamaşada maraqlı anlar da elə bundan sonra yaşanır. Bu şəxs özü ilə döyüşə apardığı igidləri bir-bir təqdim edir. Onun qəhrəman, qorxmaz təbiətli insan kimi təqdim etdiyivar, qorxaq və satqınlar da. Füzuli rayonunun Qarğabazar kəndində təşkil olunan zaman bu tamaşaya ətraf ərazilərdən də böyük izdiham axışarmış.

Qarabağda fasiləsiz yağan yağış və dolu elat camaatını müxtəlif qabaqlayıcı tədbirlər görməyə sövq edərmiş. Bölgədə yağışı kəsmək məqsədilə yerinə yetirilən bəzi rituallar yağışı yağdırmaqla bağlı görülən tədbirlərlə üst-üstə düşür. Kəlbəcər rayonunda yağışı kəsdirmək üçün dörd yolun ayrıcına örkən qururdular. Zəngilan rayonunda həftənin günlərinə əsasən yağışın nə vaxt kəsəcəyini müəyyənləşdirirdilər. Yağış duz günü (bazar ertəsi) yağarsa, tək (çərşənbə axşamı) kəsər. Tək yağarsa çərşənbə kəsər. Çərşənbə yağarsa, adna (cümə axşamı) kəsər. Şənbə yağarsa, bazar kəsər. Bazar yağarsa, nə vaxt kəsər? Yəni bazar günü başlayan yağış bir günyağa bilər, bir həftə də.

“Qeyd edilən ərazilərdən vaxtilə müxtəlif folklor nümunələri toplanıb. Bu nümunələr xalqımızın yaddaşına həkk olub. Azərbaycanın işğaldan azad edilmiş rayonlarına məxsus mədəni dəyərlərin qorunması, unudulmaması üçün bu örnəklərin yenidən cəmiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir”, - deyə S.Abbaslı qeyd edib.

 

Mədəniyyət 2020.- 30 oktyabr.- S.6.