Klassik ədəbi irsimizin
dəyərli tədqiqatçısı
Azərbaycan
ədəbiyyatşünaslıq elminin inkişafına dəyərli
töhfələr verən alimlərimizdən biri də
professor Mirzəağa Quluzadə olub. Qədim və Orta əsrlər ədəbiyyatımızın
tədqiqatçısı kimi tanınan
görkəmli alimin kitab
və monoqrafiyaları, məqalələri klassik
ədəbi irslə bağlı əhəmiyyətli mənbələr
hesab edilir.
Mirzəağa Yüzbaşı oğlu Quluzadə 24 oktyabr
1907-ci ildə Salyan şəhərində
anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1923-cü ildə
Azərbaycan Dövlət Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini
bitirdikdən sonra beş
il Salyan şəhər
orta məktəbində müəllim
işləyir.
Mirzəağa Quluzadə 1932-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində təhsil alır. Təyinatla Qazaxda Pedaqoji Məktəbdə əmək fəaliyyətini davam etdirir. Daha sonra Azərbaycan Xalq Maarif Komissarlığında Metodiki kabinetin müdiri, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyir.
II Dünya müharibəsi illərində Zaqafqaziya Hərbi dairəsində siyasi idarədə xidmət edən Mirzəağa Quluzadə müharibə başa çatdıqdan sonra SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında oxuyur. 1948-ci ildə “İmadəddin Nəsiminin yaradıcılığı” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edir. O, araşdırmasında göstərib ki, İ.Nəsiminin poeziyası özündən sonrakı Azərbaycan poeziyasına çox böyük təsir göstərib, Azərbaycan və Şərq poeziyasının görkəmli nümayəndələri Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqaları Nəsimi şeirinin ecazkarlığından bəhrələniblər...
Filologiya elmləri doktoru, professor Məmməd Əliyev görkəmli
alimlə bağlı araşdırmasında yazır ki, Mirzəağa Quluzadə Nəsimi
poeziyasındakı rəmz və məcazları məharətlə
açıb göstərib. İnandırıcı şəkildə
təsdiq edir ki, Nəsimidəki
“eşq” təkcə məcazi mənada
yox, həm də real
insanın sevgi hissləri “axirət
eşqi”ndən üstün tutulur. Nəsiminin humanizmi,
onun məhəbbət konsepsiyası real həyatdan qaynaqlanıb. Şairin
ilahi məhəbbəti dünyəvi məhəbbətlə
birləşir və vəhdət təşkil edir. Burada panteizm
real məhəbbətə qarşı deyil, onun mənbəyi, əsasıdır.
Mirzəağa Quluzadə 1965-ci ildə “Məhəmməd Füzulinin lirikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Alim bu araşdırmasında Füzuli yaradıcılığına konseptual yanaşma nümayiş etdirib və bu qənaətə gəlib ki, dahi şairin lirikası əsl məhəbbət və həyat poeziyasıdır. O, Füzuli poeziyasına sufizm mövqeyindən yanaşan Y.E.Bertels, M.F.Köprülüzadənin sufi-mistik səciyyə daşıyan “Allah sevgisi”, “Allaha qovuşmaq” kimi görüşlərinin əksinə olaraq şairin tərənnümlərini insan qəlbinin sevgi duyğuları olduğunu göstərib.
Ədəbiyyatşünas alim klassik ədəbiyyatımızın Zülfüqar Şirvani, Arif Ərdəbili, Əssar Təbrizi, Fəzlullah Nəimi, Qazı Bürhanəddin kimi məşhur nümayəndələrinin yaradıcılığı ilə bağlı araşdırmalar aparıb, sanballı məqalələr yazıb. O, Səməd Vurğunun “Aygün” poeması, Mirzə İbrahimovun “Kəndçi qızı” kimi çağdaş əsərləri də elmi təhlil süzgəcindən keçirib.
Alimin “Nizami Gəncəvi”, “Füzulinin lirikası”, “Böyük ideallar şairi” adlı monoqrafiyaları elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Araşdırmalarda qeyd olunur ki, professor
Mirzəağa Quluzadə gənc elmi kadrlara daim etimad
və hər cür köməklik
göstərib, “bizi siz
əvəz edəcəksiniz” deyib. Azərbaycan
EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi
(1952-1957, 1969-1979) dövrdə elm
ocağının inkişafı üçün
böyük səy göstərib, onlarla istedadlı gəncin araşdırmalara
cəlb edilməsinə nail olub.
Mirzəağa Quluzadə 12 dekabr 1979-cu ildə, 72 yaşında vəfat edib. Tanınmış ədəbiyyatşünas, professor Abbas Zamanov M.Quluzadənin vəfatı münasibətilə qələmə aldığı “Əlvida, əziz dost” məqaləsində yazırdı ki, Mirzəağa Quluzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında öz dəst-xəttini qoyub gedir. Tariximizin dərinliklərində yaranmış ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli kimi nəhənglərinin yaradıcılığının öyrənilməsi və əsərlərinin nəşri professor Mirzəağa Quluzadənin adı ilə bağlıdır.
Savalan FƏRƏCOV
Mədəniyyət 2020.- 30 oktyabr.- S.5.