Əməkdar rəssam
Faiq Abdullayev vəfat edib
Azərbaycan mədəniyyətinə itki
üz verib. Gəncə
şəhər Uşaq
rəssamlıq məktəbinin
keçmiş müəllimi,
Əməkdar rəssam
Faiq Abdullayev 2020-ci il 28 oktyabr
tarixində, 75 yaşında
vəfat edib.
Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə
Gəncə şəhərində
dünyaya göz açıb. Gəncə şəhər 23 saylı orta məktəbi bitirib.
Təsviri sənət üzrə
ilk ixtisas təhsilini Gəncə şəhər
Uşaq rəssamlıq
məktəbində alıb.
1968-ci ildə Əzim
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini, 1976-cı ildə
V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası
üzrə bitirib.
1985-1998-ci
illərdə Məhsəti
Gəncəvi adına
Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, Gəncə
şəhər Arxitektura
və inşaat şöbəsində rəssam,
Gəncə şəhər
Uşaq rəssamlıq
məktəbində direktor
vəzifəsində çalışıb,
Gəncə şəhər
Tərtibat, reklam və dizayn şöbəsində rəssam
olub. Gəncə şəhərindəki “Kəpəz” bədii yaradıcılıq istehsalat
mərkəzində rəssam
kimi fəaliyyətini
davam etdirib, Gəncə Uşaq rəssamlıq məktəbində
müəllim işləyib.
Rəssamın Bakı (1995), Şəmkir
(2015) və Gəncə
(2015) şəhərlərində sərgiləri təşkil
olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi
keçirilib. Ölkəmizin və Ukraynanın
fəxri fərmanlarına
layiq görülən
Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə “Əməkdar
rəssam” fəxri adını alıb.
Tanınmış rəssam Faiq Abdullayevin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində
əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Mədəniyyət 2020.- 30 oktyabr.- S.