Özbəkistan portalında muğamımız haqqında məqalə

 

 

Özbəkistanın ishonch.uz portalında Azərbaycan muğamı və Xan Şuşinski haqqında rus dilində material yer alıb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunan məqalədə (müəllif Vaqif Yusifli) Azərbaycan muğamı haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan muğamı Xan Şuşinskiyə qədər və bu böyük xanəndədən sonra bir neçə mərhələdə inkişaf edib.

 

Materialda Xan Şuşinskiyə qədər olan dövrdəki muğam ustaları – Hacı Hüsü, Səttar, Sadıqcan, Bülbülcan, Mirzə Fərəc, Mirzə Məhəmmədhəsən və digər ifaçılar haqqında söhbət açılır. Bildirilir ki, XX əsrin birinci yarısında Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Şəkili Ələsgər, Əbülhəsən Xan İqbal, Zabul Qasım, Seyid Şuşinski, Məşədi Mirzə Mansur, Zülfü Adıgözəlov, BülbülXan Şuşinski Azərbaycan muğamını klassik formada təqdim edən xanəndələr olub.

 

Məqalədə XX əsrin ikinci yarısı və müasir dövrümüzdə muğam sənətini daha da inkişaf etdirən xanəndələr arasında Yaqub Məmmədov, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Qədir Rüstəmov, Alim Qasımov, Mənsum İbrahimov və digərlərinin adı çəkilir. Vurğulanır ki, ustad xanəndələrin sayəsində Azərbaycan muğamı xarici ölkələrdə də layiqincə təbliğ edilir.

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.3.