Tarixi abidə ərazilərinə
müdaxilələrin qarşısı alınır
Mədəniyyət Nazirliyi tərəfindən tarix-mədəniyyət abidələrinin qorunması istiqamətində tədbirlər davam etdirilir.
Bakı şəhəri Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ətrafı bir müddət öncə qanunsuz olaraq zəbt edilmişdi. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra bunun qarşısı alınıb.
Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ərazidəki qanunsuz hasarlar sökülüb. Hazırda abidənin ətrafında təmizlik işləri görülür.
Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.
***
Tovuz rayonunun Vahidli kəndində yerləşən “Qala düzü” abidəsinin ərazisinə də müdaxilənin qarşısı alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülmüş “Qala düzü” abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat daxil olub.
Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar edilib. Hazırda aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.
Mədəniyyət.- 2020.- 2
sentyabr.- S.3.