“Balıqçının qızı” Moskvaya gedir
İsmayıl Səfərəlinin filmi Rusiyanın ən böyük
kinofestivalının müsabiqə bölməsində
Azərbaycanlı rejissor İsmayıl Səfərəlinin “Balıqçı qızı” tammetrajlı bədii filmi 42-ci Moskva Beynəlxalq Kinofestivalının açılışında təqdim ediləcək. Festivalın 1-8 oktyabr 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
Film Xəzər dənizinin sahilində, Abşeron yarımadasındakı kiçik balıqçı kəndinin həyatından bəhs edir. Balıq ovu zamanı itkin düşmüş balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir, axı onun nəşini heç kim tapmayıb. Lakin Saranın ailəsi və kənd sakinləri, formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdır. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur...
Film “Non-stop production” kinoşirkəti
(Rusiya) tərəfindən
çəkilib. Ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli,
Rüstəm Məmmədov,
operator Şandor Berkeşi,
quruluşçu rəssam
Sergey Zaykovdur. Rollarda
Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfər, aktyorlar Həmail Həsənova, Günəş Mehdizadə,
Vüsal Əzizov, Fərid Aslanov, Elnur Nəcəfov, Mahir Dərviş, Elşən Əsgərov,
İqor Nikulov çəkiliblər.
İsmayıl Səfərəli 1978-ci ildə
Bakıda anadan olub. Rejissorluqdan əvvəl uğurlu
beynəlxalq maliyyəçi
karyerası qurub. 2003-cü ildə ABŞ-da Dük Universitetinin iqtisadiyyat üzrə magistri dərəcəsini
alıb. 2015-ci ildə Moskva Yeni Kino Məktəbini fərqlənmə ilə
bitirib.
Rejissor, ssenari müəllifi və prodüser kimi “Təkbətək” (2014), “Yuka üçün
layla” (2015), “Sakitlik dənizi” (2017) qısametrajlı
filmlərini çəkib. 2016-cı ildə “Gecə qabarması” ssenarisi “Kinotavr” Rusiya Açıq Kinofestivalının
layihələr bazarının
qalibi olub. “Balıqçı qızı” ilk dəfə
“Kinotavr” festivalının
layihələr pitçinqində
təqdim edilərək
qalib olub.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 2
sentyabr.- S.8.