Pandemiya dövründə kitabxana fondlarının mühafizəsi və
istifadəsi barədə
Kitab fondlarının həcmindən asılı olmayaraq onun mühafizəsi hər zaman diqqət və məsuliyyət tələb edir. Bunun üçün də kitablara mənfi təsir edən xarici faktorlar daima öyrənilməli və nəzərə alınmalıdır.
Kitabxana fondlarının mühafizəsi üçün fondun bütün bölmələrində hava rejiminə düzgün əməl edilməsinə, oxucuya verilən və qaytarılan ədəbiyyatın kitabxanaya daxil olmasının vaxtında uçotu və nəzarətinə, elektrik, istilik, hava, su və digər qurğulara, yanğın təhlükəsinə nəzarətə, ədəbiyyatın müxtəlif zərərvericilərdən mühafizəsinə ciddi əməl edilməlidir.
Təbii fəlakətlər, epidemiyalar zamanı kitabxana fondlarının mühafizəsinə diqqət xüsusilə artılır. Bu gün dünya tarixin ən ağır pandemiyalarından birini yaşayır. COVİD-19-a yoluxmaların bir qədər səngidiyi şəraitdə ölkəmizdə karantin rejimində yumşalmalar da başlayıb. Yəqin ki, təhsil sistemi ilə birlikdə kitabxanaların da yeni şəraitdə işə başlayacağı gün uzaqda deyil. Belə olan halda kitabxanalar necə işləməli, oxucularla işlərini necə qurmalı, çoxlu sayda nəşrlərin qorunub saxlandığı kitab fondlarını və əməkdaşlarını virusdan necə qorumalıdır?
Qeyd etmək lazımdır ki, karantindən sonra işləməyə başlayan kitabxanalarda kitabsaxlayıcıdan götürülən kitablar şərti olaraq “təmiz”, uzun müddət oxucularda qaldıqdan sonra geri qaytarılan kitablar isə şərti olaraq “yoluxmuş” hesab edilirlər. Yaranmış şəraitdə sanitar minimumunun hazırlanması vacib məsələ kimi önə çıxır. Sanitar minimumuna riayət etmək işçilərin sağlamlığını qorumaqla yanaşı, kitabların da mühafizəsini yaxşılaşdırmağa səbəb olur.
Kitabları uzun müddət mühafizə etmək üçün havanın təmizliyi, nəmliyi və temperaturunun müəyyən edilmiş dərəcədə olması zəruridir. Havanın yaxşı təmizlənməsi və binanın müntəzəm olaraq ventilyasiya edilməsi kitabların mühafizə olunmasında əsas üsullardan biridir. Kitablar üçün ən zərərli şey tozdur. Tozla bərabər kağıza, bəzən də insana ziyan verən mikroblar, bakteriyalar da kitaba daxil olur. Toz özündə nəmşlik saxlayır və kifin daha da artmasına şərait yaradır. Bunun üçün də kitabsaxlayıcı və xidmət yerləri, bütün hallarda olduğu kimi, pandemiya şəraitində də hər gün təmizlənib səliqəyə salınmalı və yuyulmalı, otaqların havası dəyşdirilməli, toza qarşı müntəzəm mübarizə aparılmalıdır.
COVİD-19 virusunun yayıldığı bir vaxtda kitab rəflərini və binanı təmizləmək üçün tozsorandan, adi su ilə isladılmış parçalardan istfadə etmək olmaz. Virus hissəciklərinin çökdüyü tozun mexaniki təmizlənməsi cəhdi bütün epidemiya əleyhinə aparılan tədbirlərə baxmayaraq əməkdaşın özünün yoluxmasına səbəb ola bilər. Təmizlik işləri apararkən münasib materiallardan və avadanlıqlardan elə istifadə olunmalıdır ki, toz və çirk həqiqətən təmzlənsin, sənədlərə çökməsin. Tozu ətrafa yayan tozsoran, fırça, süpürgədən yox, tozu hopduran yumşaq əsgilərdən istifadə olunmalıdır. Kitab rəflərini təmizləyərkən xlor, hidrogen oksid və naşatır spirti kimi vasitələrdən istifadə etməkdən çəkinmək məsləhətdir.
Rütubət kitablar üçün çox zərərlidir. Binanın havasının dəyişdirilməsi, normal qızdırılması, kitabların müntəzəm olaraq kifdən təcrid edilməsi və onların qurudulması kifin genişlənməsinin qarşısının alınası üçün ən yaxşı tədbirdir.
Optik daşıyıcılar olan lazer disklərin, SD-ROM-ların üzərindəki toz qatını və çirki təmzləmək üçün təmizləyici məhsullardan istifadə etmək olmaz. Onlar yumşaq kağız dəsmalla ehmalca silinməlidir. Amma pulverizatordan istfiadə etmək olar.
Yüngül hərəkətlə mərkəzdən radius üzrə diskin kənarlarına doğru silmək lazımdır.
Müxtəlif epdemiyalar zamanı kitabxanaçılar da müxtəlif xəstəliklərə və viruslara yoluxa bilərlər. Belə bir yoluxma mənbəyinin qarşısının alınması üçün müxtəlif qoruyucu tədbirlər görülməlidir. Qaytarılan kitablar xüsusi bir qutuya yığılmalıdırlar. Kitablar 3-5 gün müddətində karantin şəraitində 16-180 temperatur və 55%-dən çox olmayan nəmişlikdə qaranlıq bir yerdə saxlanılmalıdır.
Nəşrlərin, sənədlərin fiziki və ya kimyəvi zədələnmələrinin qarşısını almaq üçün yerləşdikləri qutuları xüsusi məhlullarla dezinfeksiya edərək bir neçə gün saxladıqdan sonra onlar fonda vurula və ya yenidən istifadəyə verilə bilərlər. Təmizləmə prosesi kitabsaxlayıcıdan və insanlardan kənarda yerləşən otaqlarda keçirilməlidir.
Fondun qorunması üçün biblioqrafik sorğu, sənədlərin sifariş və elektron çatdırılması kimi onlayn xidmətlərə daha çox üstünlük veriliməli, bu rejimdə iş davam etdirilməlidir. Bu, hətta uzaq ərazilərdə yaşayan oxuculara və mütəxəssislərə kitabxana xidmətinin səviyyəsini yüksəldər. Müvəqqəti olaraq qəzet və jurnallardan istifadəni karantində saxlamaq, oxucuya onların elektron variantlarından istifadəni tövsiyə etmək də yaxşı olardı.
Bütün bu tələb və qaydaların nəzərə alınmasının böyük əhəmiyyəti vardır. COVİD-19 haqqında məlumatlar hər gün dəyişdiyindən kitablarla iş üzrə verilən tövsiyələr və üsullar da müxtəlif olacaqdır.
Cəmliə SƏMƏDOVA
Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının şöbə müdiri
Mədəniyyət.- 2020.- 2
sentyabr.- S.6.