Şuşadakı sənət bulağından su içmişdi...

 

 

Mahnı və romans ifaçılığında özünəməxsus yeri olan sənətkarlardan biri də Əməkdar artist İdris Mehdiyev olub. Görkəmli müğənninin anadan olmasından 80 il ötür.

 

İdris Saleh oğlu Mehdiyev 1940-cı il avqustun 26-da Gəncə şəhərində ziyalı ailədə dünyaya göz açıb. Bir müddət sonra atası cəbhəyə (Böyük Vətən müharibəsi) gedir. 1943-cü ildə “qara kağız”ı gəlir. Evin dolanışığı anası Güllü xanımın üzərinə düşür. O, çətinliklərə qatlaşaraq dörd azyaşlı övladını böyüdür...

 

İdris erkən çağlardan tay-tuşlarından fərqlənir. Məktəbdə məlahətli səsi, musiqi duyumu ilə diqqəti cəlb edir. Anası onu tez-tez dünyaya göz açdığı Şuşa şəhərinə aparırdı. İdris orada tədbirlərdə, el şənliklərində iştirak edir, görkəmli xanəndələrin ifasında muğamxalq mahnılarını dinləyir, böyük sənət bulağından su içir. Bu lirik nəğmələr onun yaddaşına köçür. Gəncəyə qayıtdıqdan sonra həmin lirik mahnıları astadan zümzümə edər, bəzən də ucadan oxuyarmış. İdrisi istedadlı gənc kimi məktəbin özfəaliyyət dərnəyinə qəbul edirlər. Uşaq xorunun solisti olur. Məktəblərarası festival və müsabiqələrdə qaliblər sırasında yer alır. Anası oğlunun uğurlarına ürəkdən şad olur. Ancaq bu gözəl günlərin ömrü uzun olmur. Güllü xanım 1953-cü ildə qəflətən vəfat edir...

 

İdris Mehdiyev orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlir. Pioner və Məktəblilər Sarayında işə qəbul olunur. Bir müddət sonra uşaq xorunun solisti olur. Vokal-xor sənətinin tanınmış ustadı A.Milovanovun rəhbərliyi altında sənətin incəliklərinə yiyələnir. Uşaq xorunun yetirmələri sırasında adı Müslüm Maqomayev, Lütfiyar İmanov və başqaları ilə yanaşı çəkilir. İllər bir-birini əvəz etdikcə o, sənətdə püxtələşir. Xəzər Donanması Estrada orkestrinin solisti kimi  keçmiş SSRİ-nin bir sıra şəhərlərində çıxış edir. Xoş təsadüf nəticəsində hərbi xidməti illərini Baltik Donanmasının Mahnı və Rəqs ansamblında keçirir. Ansamblın solisti kimi İsveç, Norveç, Danimarka, Almaniya, Polşa, Finlandiya və digər Avropa ölkələrində qastrol səfərlərində olur.

 

Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasının özfəaliyyət kollektivində, 1964-1978-ci illərdə Xalq artisti Tofiq Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Radio və Televiziyası Estrada orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və rəqs ansamblının solisti kimi fəaliyyət göstərir. Radio və Televiziyanın Estrada-simfonik orkestrinin müşayiəti ilə Rauf Hacıyevin ”Sevgilim”, ”Bakı haqqında mahnı”, Tofiq Quliyevin “Sənə də qalmaz”, ”Qızıl üzük”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, “Sumqayıt”, Cahangir CahangirovunAna”, ”Qarabağ”, Əziz Əzizli, Qəmbər Hüseynli və digər Azərbaycan bəstəkarlarının bir sıra vokal əsərlərinin təkraredilməz ifaçısı olur. İdris Mehdiyevin sənətdə xidmətləri yüksək qiymətləndirilir. O, 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur, 1978-ci ildə isə ona respublikanın Əməkdar artist adı verilir.

 

Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq İdris Mehdiyevlə bağlı xatirələrində yazır: “Günlərin birində mən İdrislə dünya şöhrətli müğənnimiz Rəşid Behbudovun yanına getdik. O, Tiflisdə orta məktəbin ibtidai siniflərində anamın şagirdi olmuşdu. Mənim pianoda müşayiətimlə böyük ustadın qarşısında İdris bir neçə mahnı oxudu. R.Behbudov İdrisi öz gözəl davamçısı kimi gördüyünüonun yolu ilə getdiyini qeyd etdi. Böyük ustad İdris Mehdiyevi yaratdığı Mahnı Teatrına dəvət etdi. Həmin illərdə İdris artıq ailə qurmuşdu və uzunmüddətli qastrollarda olmasından tərəddüd edərək radionun solisti kimi qalıb fəaliyyət göstərməyi üstün tutdu”.

 

Görkəmli sənətkar 1979-cu ildən həyatını bəstəkar, Xalq artisti Ramiz Mustafayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Radio və Televiziyanın Xoru ilə bağlayır. Ömrünün sonuna qədər xorun solistidirektoru olur. Onun ifasında bir çox bəstəkarların mahnı və romanslarının lent yazıları Azərbaycan Dövlət Televiziyası və Radiosunun “qızıl fondunda saxlanır.

 

İdris Mehdiyev ömrünün müdrik çağında, 10 noyabr 2015-ci ildə 75 yaşında vəfat edib.

 

SAVALAN FƏRƏCOV

 

 

Mədəniyyət.- 2020.- 2 sentyabr.- S.5.