Tarix Muzeyində görkəmli pedaqoqa məxsus kolleksiya qorunur
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda tanınmış pedaqoq və alim Məmməd Əfəndiyevə məxsus kolleksiya mühafizə edilir.
Məmməd Əfəndiyev 1887-ci ildə Şəkidə anadan olub. O, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin oğludur. Kolleksiyadakı sənədlər və fotoneqativlər arasında Rəşid bəy Əfəndiyevin Şəkidə ailə üzvləri ilə birgə təsvir olunduğu fotokollaj da diqqəti çəkir.
M.Əfəndiyev 1914-cü ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib, Qori Müəllimlər Seminariyasında dərs deyib. Sonra Nuxada kişi gimnaziyasında müdir vəzifəsində çalışıb. 1920-ci ildə Bakıda riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub.
Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə M.Əfəndiyev tətbiq edib. O, “Cəbrə aid proqram və tapşırıq”, “Adi diferensial tənliklər” və digər əsərlərin müəllifidir. Alim 1977-ci ildə vəfat edib.
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.4.