Ukrayna kitabxanalarına ölkəmizlə bağlı kitablar hədiyyə edilib

 

 

Tarix və mədəniyyətimizi, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Ukrayna oxucularına çatdırmaq məqsədilə bu ölkədə fəaliyyət göstərən kitabxanalara Azərbaycana dair kitabların təqdimatı davam etdirilir.

 

Ukraynadakı səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə çap olunan 14 adda 200 nüsxə kitab Kremençuk şəhər kitabxanaları üçün göndərilib. Kremençuk İnkişaf İnstitutuna təqdim edilən kitablar bu institut vasitəsilə şəhər kitabxanalarına paylanılacaq.

 

Hədiyyə edilən nəşrlər arasında Azərbaycan şair və yazıçılarının Ukrayna dilinə tərcümə olunmuş əsərləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin tariximilli dəyərlərindən bəhs edən kitablarvar. Eyni zamanda uşaqlar üçün Azərbaycan nağıllarına dair nəşrlər də təqdim olunub.

 

Qeyd edək ki, bu günlərdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın iştirakı ilə Kiyevdəki Səməd Vurğun adına kitabxanaya səfirlik tərəfindən Ukrayna dilində çap olunan 14 adda 500-ə qədər kitab da hədiyyə edilib.

 

 

Mədəniyyət.- 2020.- 4 sentyabr.- S.2.