Musiqili Teatr yeni mövsümə hazırlaşır
Hələ ki fəaliyyət
onlayn-virtual müstəvidə davam edəcək
Avqustun 31-dən karantin rejimində növbəti yumşalmadan sonra muzey və sərgi zallarında fəaliyyət bərpa olunsa da, mədəniyyətin digər sahələrində, o cümlədən teatrlarda və konsert salonlarında bu, hələlik mümkün görünmür. Məhdudiyyətlərin davam etdiyi bu sahələrdə fəaliyyətin bərpası koronavirusla bağlı şəraitin bundan sonra necə olacağına bağlıdır. Mart ayından səhnə nümayişi və tamaşaçı ilə canlı ünsiyyəti dayandırılan teatrlar yeni mövsümü də onlayn-virtual müstəvidə açacaqlar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi yeni mövsüm ərəfəsində əməkdaşlar ilə geniş tərkibdə videokonfrans təşkil edib.
Videokonfransda teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, mövcud şəraitdə Akademik Musiqili Teatr fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdirəcək. Ə.Lalayev yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, ötən mövsümdə teatrın yarımçıq qalan onlayn layihələrində davamlı olaraq aktiv iştirak etməyə çağırıb.
Virtual görüşdə iştirak edən aktyorlar, balet artistləri, xor truppasının, orkestr heyətinin üzvləri karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələrdə iştirakları barədə hesabat veriblər.
Toplantıda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi qərara alınıb.
Mədəniyyət.- 2020.- 4
sentyabr.- S.3.