Əntiq əşyaların saxlanıldığı muzey

 

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Paytaxtımızda fəaliyyət göstərən muzey və sərgi zalları da öz qapılarını yenidən ziyarətçilərin üzünə açmağa başlayıb. Biz də sərt karantin rejiminin tətbiqi ilə bağlı ara verdiyimiz “Bakıda bir muzey var” adlı rubrikamıza davam edirik.

 

Beləliklə, paytaxtdakı muzeylər silsiləsindən növbəti ekskursiya ünvanımız Xəzər rayonunun Qala qəsəbəsində yerləşən Əntiq Əşyalar Muzeyidir.

 

Bakının qədim yaşayış məskənlərindən olan Qala kəndindəki muzey haqqında məlumata keçməzdən öncə ilk olaraq onun yerləşdiyi qoruğun tarixinə nəzər salaq. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il 135 saylı qərarı ilə Qala qəsəbəsinin  tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81,5 hektardır. Bu ərazidə 228 memarlıq və arxeoloji abidə qorunur.

 

Qala qoruğu ərazisində e.ə III minilliyə aid qədim insan yaşayış məskəni aşkar edilib. Bundan əlavə, kəndin tarixi hissəsində aparılan arxeoloji tədqiqatlar zamanı Tunc dövründən başlayaraq XIX əsrin sonlarına qədər dövrə aid olan bir çox artefakt aşkarlanıb. Bu tapıntılar sübut edir ki, 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb, fəaliyyət göstəriblər.

 

Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qədim qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri mövcuddur.

 

Ərazidə Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Burada həmçinin Əntiq Əşyalar Muzeyi fəaliyyət göstərir. Qala İnformasiya Mərkəzi vasitəsilə qoruq barədə ətraflı məlumat əldə etmək olar.

 

***

 

Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılıb.

 

Uzun illər ərzində yığılmış zəngin kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Onun əsasını təşkil edən Azərbaycan ustalarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilib və hər zaman maraqla qarşılanıb. Qala Əntiq Əşyalar Muzeyində bu unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Üçmərtəbəli binanın birinciikinci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İngiltərə, Belçika, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş əşyalar sərgilənir.

 

Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir.

 

Muzeyin ekspozisiya şöbəsinin müdiri Turan Həsənova qeyd edir ki, Şahid Həbibullayev bu kolleksiyanı 25 ilə toplayıb. Dünyada təkrarı olmayan bu kolleksiyada Eneolit dövrünə aid bəzək əşyaları, məcməyilər, şərbət qabları, dolçalar, badyanlar, kuzələr, çıraqlar, qəndillər və vaxtilə məişətimizdə geniş istifadə edilən digər nümunələri görmək mümkündür.

 

Samovarlar muzeyin maraq çəkən eksponatları arasındadır. Şahid Həbibullayevin kolleksiyasında Azərbaycanda istifadə olunan 999, ümumilikdə isə 1200 qədim samovar var. Muzeydə onların yalnız 156-sı nümayiş olunur. Ən qədim samovar 1778-ci ilə aid edilir. Kolleksiyanı seyr edərkən ikikranlı samovar diqqətimizi çəkir. Şöbə müdirindən öyrənirik ki, qədim zamanlarda toyyas məclislərində qonaqlara tez bir zamanda xidmət etmək üçün həmin samovarlardan istifadə ediblər. Burada elə nümunələr var ki, ondan cəmi bir ədəd düzəldilib. Hətta dünyada 4 nümunəsi olan samovar da Əntiq Əşyalar Muzeyində qorunur. T.Həsənova bildirir ki, qədimdə elə samovarlar olub ki, onlardan yalnız su qızdırmaq üçün yox, suyu soyutmaq üçün istifadə ediblər. Suyu soyutmaq üçün samovarın orta borusuna buz qoyulur. Bir neçə saat keçdikdən sonra samovardakı su artıq soyumuş olur. Bu tip samovarlar da muzeydə nümayiş edilir.

 

Muzeydə nümayiş olunan əşyalardan biri də aftafa-ləyənlərdir. T.Həsənova söyləyir ki, keçmişdə varlı insanlar yeməkdən əvvəl və ya sonra əllərini yumaqdan ötrü bu əşyalardan istifadə ediblər.

 

Muzeydə diqqətimizi çəkən daha bir eksponat sini qablar kolleksiyasıdır. XVI əsrə aid edilən bu eksponatda Şah İsmayıl Xətainin və digər Səfəvi hökmdarlarının şəkilləri təsvir edilib.

 

Azərbaycan dünyanın zəngin mis yataqları olan ölkələrindən biridir. Tarixi məlumatlara görə, habelə eramızdan əvvəl II minillikdən başlayaraq yerli əhali bu əlvan metaldan bəzək əşyaları, təsərrüfat alətləri, məişət qab-qacağı, döyüş silahları hazırlayıblar. Əntiq Əşyalar Muzeyinin kolleksiyasındakı mis qablar qədim ustaların bədii təxəyyül zənginliyinin əyani timsalıdır. Ekspozisiyada nümayiş etdirilən nümunələr arasında son dərəcə dəyərli, yaşı üç əsrdən artıq olan misgərlik inciləri var. Onların hər biri bu sənətin inkişaf yolunu, janr əhatəliliyini, orijinal sənətkar yanaşmasını, milli məişət ənənələrimizlə sıx bağlılığını əks etdirir.

 

Pandemiyadan əvvəl muzeyə turistlərin böyük marağı var idi. Muzeyə gələn turistlərin ən çox hansı ekspozisiyaya diqqət göstərdiklərini soruşuruq. Həmsöhbətimiz söyləyir ki, Şəki və Şirvan xanlarına aid gümüş pullar, IV–VII əsrlərə aid mis pullar, soyuq silah növləri turistlərdə böyük maraq doğurur. Dünyanın müxtəlif bölgələrindən gələn qonaqlar muzeydə öz ölkələrində istifadə olunan maddi mədəniyyət nümunələrini də görə bilirlər. Bunlar Polşa və İngiltərədən tərəzilər, Fransadan saat, Almaniya çilçıraqları, İran lampaları, Rusiyaya aid məişət əşyaları, Türkiyəyə aid hərbi qılınclar, tüfənglərdir. Kolleksiyanın bu qədim nümunələri həm də adıçəkilən ölkələrin mədəni irsini qorumaq deməkdir.

 

Sonda muzeyin saatı və ziyarətin qiyməti barədə maraqlanırıq. Həmsöhbətimiz bildirir ki, həftənin bütün günləri fəaliyyət göstərən muzeyi məktəblilər və tələbələr müvafiq olaraq 20 və 60 qəpik, yerli vətəndaşlar 2 manat, xarici qonaqlar isə 4 manat ödəyərək ziyarət edə bilərlər.

 

Bu füsunkar muzeyi ziyarət etmək istəyənlər üçün ünvanı da qeyd edirik: Qala qəsəbəsi, Sülh küçəsi 83.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 4 sentyabr.- S.7.