UNESCO-da qeyri-maddi mədəni
irs üzrə müzakirələr
2003-cü il
Konvensiyasının iştirakçı dövlətlərinin
Baş Assambleyasının 8-ci
sessiyası
Sentyabrın 8-də Parisdə, UNESCO-nun qərargahında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyası başlayıb.
178 iştirakçı dövlətin təmsil olunduğu sessiyada dünyada qeyri-maddi mədəni irsin qorunmasına dair bir sıra məsələlər müzakirə mövzusudur. Sessiyanın əvvəlində Büro seçkiləri keçirilib. Hökumətlərarası Komitənin 14-cü sessiyasının hesabatı dinlənilib.
Sessiyada Katibliyin fəaliyyətinə dair hesabat təqdim olunacaq, həmçinin 2022-2029-cu illər üçün yeni strategiyanın, eləcə də 2022-2025-ci illər üçün proqram və büdcənin hazırlanmasına töhfələr, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irslə bağlı məsələlərə baxılacaq. Konvensiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının iştirakına dair fikirlər də dinləniləcək.
Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının 8-ci sessiyasında Azərbaycan UNESCO yanında Daimi nümayəndəliyi ilə təmsil olunur.
UNESCO yanında Azərbaycan daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev sessiyada çıxış edib. O, çıxışında UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun adından bəyanatı da səsləndirib. Xatırladaq ki, Azərbaycan Respublikası hazırda Qoşulmama Hərəkatına sədrlik edir.
Bəyanatda diqqətə çatdırılır ki, Qoşulmama Hərəkatının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş XVIII Zirvə toplantısında üzv dövlətlər nəsildən-nəslə ötürülən mədəni irsin dəyərliliyini təmin etmək və sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət aləti kimi, eləcə də xalqların kimliyini və mədəni müxtəlifliyini təşviq etmək məqsədilə qeyri-maddi mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfə olan 2003-cü il Konvensiyasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Ayaz Qocayev “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasının həyata keçirilməsində yorulmadan göstərdiyi səylərə və Qoşulmama Hərəkatının üzvü olan çoxsaylı ölkələr tərəfindən ratifikasiyasına nail olmasına görə Konvensiya katibliyinə minnətdarlığını ifadə edərək deyib:
“Konvensiya Katibliyinin və UNESCO-nun Mədəniyyət sektorunun qeyri-maddi mədəni irsin icmaların rifahına verdiyi töhfələri nəzərə alaraq, COVİD-19 pandemiyası səbəbindən yaranmış sanitar böhran, karantin və iqtisadi durğunluq kimi çağırışlar qarşısında təcili cavab vermək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. İnanırıq ki, qeyri-maddi mədəni irs əhalinin vəziyyətinin bərpasını dəstəkləməyi və davamlı inkişaf hədəflərinə çatmağı daha da təşviq etmək üçün son dərəcə dəyərli mənbə olacaq”.
Vurğulanıb ki, dünyanın üzləşdiyi mövcud çətinliklər – silahlı münaqişələr, məcburi köçkünlər və təbii fəlakətlər də daxil olmaqla, fövqəladə hallar şəraiti UNESCO qarşısında qeyri-maddi mədəni irsin qorunmasına verilən cavabları sürətləndirmək səylərini ikiqat artırmaq zərurətini yaradır. Bu baxımdan Konvensiya Katibliyinin Baş Assambleyanın 8-ci sessiyasında müzakirə ediləcək xüsusi təlimatların və əlverişli şərtlərin hazırlanması üzrə gördüyü işlər yüksək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupu Hökumətlərarası Komitə və Katiblik tərəfindən Konvensiyanın həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu və həmçinin Konvensiya daxilində qeydiyyat mexanizmlərində mümkün islahatlara dair irəli sürdüyü fikirləri alqışlayır. Qoşulmama Hərəkatı qrupunun üzvləri bu fikirlərin Konvensiyanın ruhunu və prinsiplərini inkişaf etdirməyə kömək edəcəyinə, dialoqa töhfə verəcəyinə və Konvensiyanın milli və beynəlxalq səviyyədə həyata keçirilməsində icmaların və icma təşkilatlarının iştirakı imkanlarını genişləndirəcəyini düşünürlər.
Xatırladaq ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun bəyanatları bundan əvvəl, yalnız UNESCO İcraiyyə Şurasının sessiyalarında səsləndirilirdi. UNESCO yanında Qoşulmama Hərəkatı qrupuna sədrlik edən Daimi nümayəndəliyimizin təşəbbüsü və qrup üzvlərinin razılığı ilə Hərəkatın fəaliyyətini daha da genişləndirmək məqsədilə bu cür bəyanatların UNESCO ilə əlaqəli digər hökumətlərarası qurumların iclaslarında da səsləndirmək qərara alınıb.
Onu da qeyd edək ki, sessiya UNESCO-nun qərargahında pandemiya ilə bağlı zəruri sanitar qaydalara (o cümlədən iştirakçıların sosial məsafəyə riayət etməsi və maskadan daimi istifadə) əməl olunmaqla keçirilir. Eyni zamanda sessiyada iştirak üçün mövcud səfər məhdudiyyətləri nəzərə alınıb və UNESCO Katibliyi bütün maraqlı tərəflərin debatları yaxından izləməsini təmin etmək məqsədilə sessiyanın internet yayımı üçün geniş imkan yaradıb. İlk dəfə olaraq Baş Assambleyanın sessiyası tam şəkildə UNESCO-nun (BMT-nin) altı rəsmi dilinə tərcümə olunaraq canlı yayımlanır.
Sessiya sentyabrın
10-dək davam edəcək.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.1;2