Naftalan ərazisində qədim
yaşayış yeri,Tərtərdə isə küp qəbirlər aşkar
olunub
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilib.
İnstitutdan bildirilib ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü 10 metrdən artıqdır. Yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Burada Son Tunc - İlk Dəmir dövründə torpaq qəbirlərin, Antik dövrdə isə küp qəbirlərin qazıldığı müəyyən olunub. Abidənin mərkəzi və şimal-qərb hissəsində Eneolit təbəqəsinin üzərində, Orta əsrlərdə məskunlaşma olub. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib.
Məlum olduğu kimi, Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məşhur kurort şəhəridir. Yeni tapıntılar burada arxeoloji turizmin inkişafı üçün də imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.
***
Tərtər rayonunun Yuxarı Sarıcalı kəndində təsərrüfat işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri, saxsı qablar və insan sümükləri aşkar olunub. Ərazi Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, təsərrüfat işləri dayandırılıb.
Əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Baxış zamanı arxeoloji tapıntının e.ə. I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən edilib.
Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.4.