Bölgələrin mədəniyyət gündəliyi

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin videokonfrans formatında növbəti iclası keçirilib. Kəndlərdəki mədəniyyət müəssisələrinin son bir ayda gördükləri işlər barədə hesabatları dinlənilib. Mərkəzin direktoru Araz Şəmdinli müəssisələrin tədbirlər planına uyğun olaraq nəzərdə tutulan tədbirlərin onlayn şəkildə keçirilməsi və bununla bağlı videoçarxların hazırlanması barədə tapşırıqlar verib.

 

Pandemiya dövründə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş müxtəlif onlayn müsabiqələrdə iştirak etmiş uşaqların mükafatlandırılması mərasimi keçirilib. Mərkəzin direktoru Mayıl Fərəcov, Fazil Əzimov adına Uşaq incəsənət məktəbinin direktoru Bəhruz Həşimov və mərkəzin dərnək müəllimi Fidan Qardaşova tərəfindən uşaqlara diplom, fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim olunub.

 

Qəbələ rayon Mədəniyyət Mərkəzinin əməkdaşı “Sarı gəlin” Azərbaycan xalq mahnısı haqqında videoçarx hazırlayıb. Videoçarxda mahnının yaranması haqqında məlumat verilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin videokonfrans formatında növbəti şura iclası keçirilib. Regional idarənin və müvafiq rayonların müəssisə rəhbərlərinin iştirakı ilə gerçəkləşən tədbirdə xüsusi karantin rejimi dövründə idarənin fəaliyyəti geniş müzakirə edilib.

 

Şəki MKS-nin təşkilatçılığı ilə keçirilən videokonfransda isə direktor Seyid Vahabov sentyabr ayı üzrə əlamətdar günlər və  yubileylər haqqında məlumat verib, həmin tədbirləri özündə əks etdirən videoçarxların hazırlanmasının vacibliyi vurğulanıb.

 

Balakən rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi” mövzusunda  videokonfrans keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış ediblər.

 

Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Əhmədiyyə Cəbrayılovun şərəfli döyüş yolu” adlı videokonfrans əfsanəvi partizan, II Dünya müharibəsində Fransa antifaşist Müqavimət hərəkatı qəhrəmanının 100 illiyinə həsr olunub. Tədbirdə “Şəkidən Fransaya qədər uzanan məşəqqətli həyat yolu”, “Şarl De Qoll və Əhmədiyyə Cəbrayılov” və s. mövzularda məruzələr dinlənilib.

 

Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər milli sərvətlərin ən etibarlı saxlanc yeridir” adlı videokonfrans keçirilib. Konfransda muzey sərvətlərinin ardıcıl uçotunun aparılması, komplektləşdirilməsi, qorunub saxlanılması, tədqiqi, təbliği və s. məsələlər müzakirə olunub.

 

Oğuz rayon Baş Daşağıl kənd kitabxana filialının keçirdiyi videokonfrans isə “Beynəlxalq sülh aylığı” (21 avqust - 21 sentyabr) çərçivəsində təşkil olunub. Kitabxananın müdiri Aybəniz Abdullayeva diqqətə çatdırıb ki, 1981-ci ildə BMT tərəfindən 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdam rayon C.Qaryağdıoğlu adına 1 nömrəli Uşaq musiqi məktəbinin bir qrup müəllim və şagirdi Rusiyada keçirilən “Cənub rapsodiyası” Beynəlxalq onlayn yaradıcılıq müsabiqəsində iştirak edib.

 

Ölkəmizdən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, skripkaçı Nadir Eyvazovun da münsiflər heyətində yer aldığı müsabiqədə təmsilçilərimiz müxtəlif nominasiyalarda Qran-pri, 1-ci və 2-ci dərəcəli diplomlarla təltif olunublar.

 

Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə onlayn seminar-müşavirə keçirilib. Müşavirədə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev çıxış edərək görülən işlər və qarşıda duran məsələlər barədə söz açıb, gələcək fəaliyyətlə bağlı tapşırıqlar verib.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, aidiyyəti rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib. İdarə rəisi Ramiz Quliyev tabe müəssisələrdə əmək intizamına ciddi riayət olunmasının vacibliyini qeyd edib. O, regional idarə tərəfindən yaradılmış Monitorinq qrupunun apardığı araşdırmanın nəticələri ilə bağlı arayışı iştirakçıların diqqətinə çatdırıb.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon MKS-də Əhmədiyyə Cəbrayılovun 100 illiyi ilə əlaqədar “Qəhrəman oğullar” adlı onlayn tədbir keçirilib. MKS-nin direktoru Sadiqə Quliyeva, kitabxanaçı Sevinc Əliyeva əfsanəvi partizanın qəhrəmanlıqlarından danışıblar.

 

Naftalan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq sülh aylığı” çərçivəsində videosöhbət keçirilib. Mərkəzin direktoru Adil Quliyev çıxışında Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən söz açıb.

 

Goranboy rayon MKS-nin təşkilatçılığı ilə “Nənəmin nağıl boxçası” adlı “nağıl saatı” keçirilib. Uşaq şöbəsinin işçisi Rəbiyyə Əliyeva balacalar üçün “Məlikməmmədin nağılı”nı söyləyib.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kolleci, Astara şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə bu ilin iyul döyüşlərində şəhid olmuş vətən övladlarının xatirəsinə həsr edilən videoçarxların təqdimatı keçirilib.

 

Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov videoçarxların hazırlanmasında əməyi olan könüllü gənclər Nurlan Rzazadə, Səddam Abbaszadə və Jalə Fəttayevaya idarənin diplomlarını təqdim edib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi mövcud vəziyyətdə yerlərdəki müəssisələrin  qarşısında duran vəzifələr, yeni tələblər mövzusunda videokonfrans keçirib. Konfransda virtual tədbirlərin təşkili, musiqi məktəblərinə şagird qəbulu, müəssisələrdə karantin qaydalarına əməl olunması və s. məsələlər müzakirə olunub.

 

Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülh aylığı” çərçivəsində “Azərbaycan regionda sülhün carçısıdır” mövzusunda videokonfrans keçirilib.

 

Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Gənclik Platformasının təşkilatçılığı ilə “Unudulmaz qəhrəmanlar” mövzusunda videokonfrans keçirilib.

 

Bu ilin iyulunda Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev çıxış edərək atasının keçdiyi döyüş yolundan, arzularından danışaraq gəncləri Vətən uğrunda mübarizəyə səsləyib.

 

Qazax Rayon Tarix-Diyarşünaslıq MuzeyiQazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Könüllülər ili”nə həsr olunmuş videokonfrans keçirilib. Muzeyin direktoru Gülnaz Alişanova qeyd edib ki, son illər ölkəmizdə həyata keçirilən bir sıra irimiqyaslı tədbirlər Azərbaycan gənclərinin xüsusi fəallığı ilə müşayiət olunur. Könüllülük hərəkatı gənclərimiz üçün vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyinin bariz nümunəsinə çevrilib.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 9 sentyabr.- S.4.