Azərbaycan və Özbəkistan xalq simli musiqi
alətləri ifaçılarının müsabiqəsi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə simli musiqi alətləri ifaçılarının beynəlxalq onlayn müsabiqəsi keçirilir. Müsabiqəyə Azərbaycanın və Özbəkistanın istedadlı ifaçıları qoşulub.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan Milli konservatoriyalarının iştirakı ilə keçirilən müsabiqəyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də dəstək göstərir.
Onlayn müsabiqənin açılışında AMM-in direktoru Samir Abbasov çıxış edərək xalqımıza məxsus hər bir musiqi alətinin özündə tarixin izlərini daşıdığını vurğulayıb. O, Qobustandakı qayaüstü rəsmlərdən, həm də “Kitabi-Dədə Qorqud” dastanında milli musiqi alətlərinə dair məlumatlardan bəhs edib, habelə dahi şairlərimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, eləcə də böyük özbək şairi Əlişir Nəvainin əsərlərində xalq çalğı alətlərinin adlarına rast gəlindiyini, rəssamlarımızın miniatürlərində onların təsvir edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin dəstəyi ilə tar və kamança kimi musiqi alətləri UNESCO-nun siyahısına daxil edilib.
Sonra müsabiqənin münsiflər heyəti təqdim olunub. Münsiflər heyətinə Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim, professor Ramiz Əzizov, Əməkdar artist, dosent, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə, Özbəkistan Dövlət Konservatoriyasının baş müəllimi, “Nixol” Dövlət mükafatı laureatı Uluqbek Yunusov, bu ali musiqi məktəbinin professoru, “Soqdiana” xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Özbəkistanın Əməkdar incəsənət xadimi Firuzə Əbdürəhimova daxildir.
Daha sonra hər iki ölkəni təmsil edən musiqiçilərin xalq simli musiqi alətlərində ifaları dinlənilib.
Qeyd edək ki, Azərbaycan və Özbəkistanın simli musiqi alətləri üzrə onlayn müsabiqədə ilkin olaraq tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti nominasiyaları üzrə qaliblərin seçilməsi, sonra digər iştirakçıların çıxışı nəzərdə tutulub.
Sentyabrın 18-də – Azərbaycanda qeyd olunan Milli Musiqi Günündə-müsabiqənin qalibləri elan olunacaq və qalib ifaçıların iştirakı ilə onlayn qala-konsert təşkil ediləcək.
Mədəniyyət.- 2020.- 16
sentyabr.- S.1;3.