Cümhuriyyəti paytaxtına, qardaşı qardaşa qovuşduran gün

 

Azərbaycanın istiqlal tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri var. Bu, təkcə milli dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.

 

102 il əvvəl Türkiyə (Osmanlı) dövlətinin qardaş köməyi olaraq göndərdiyi, Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu və Cümhuriyyətimizin müvəqqəti paytaxtı Gəncədə təşəkkül tapan ilk milli diviziyanın (Azərbaycan korpusu)  birləşmiş qüvvələrinin tarixi zəfər yürüşü sentyabrın 15-də Bakını “Sentrokaspi diktaturası” və daşnak qüvvələrindən azad etdi. Sovetlər zamanında tarix kitablarımızdan çıxarılsa da, qan yaddaşından və xalqın ruhundan silinməyən bu gün indi şan və şərəf, qüruriftixar salnaməsidir...

 

Bakının azad edilməsinin 102-ci ildönümü, mövcud pandemiya şəraitində xüsusi kütləviliklə müşayiət edilməsə də, milli ruhu oxşayan bir təntənə ilə qeyd edildi.

 

Sentyabrın 15-də Bakıdakı Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsi ziyarət olunub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev abidə önünə əklil qoyublar.

 

Səfir E.Özoral qeyd edib ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər Azərbaycanın istiqlal yolunu açmaqla bərabər, Azərbaycan və Türkiyə üzərində qurulmaq istənilən oyunların sonunu gətirib: “Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Bundan sonra daİki dövlət, bir millət” şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik”.

 

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk şəhidliyində də anım mərasimi keçirilib.

 

Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.

 

Müdafiə Nazirliyi adından şəhidlikdəki abidə kompleksinin önünə əklil qoyulub. Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, general-mayor Rasim Əliyev mərasimdə çıxış ediblər.

 

Birinci Dünya müharibəsi illərində Çanaqqala zəfərinin qazanılmasında, eləcə də Qurtuluş savaşında azərbaycanlıların qardaş türk xalqına maddi-mənəvi və canlı qüvvə sarıdan göstərdiyi qardaşlıq köməyindən bəhs edən general-mayor R.Əliyev Türkiyə xalqının və dövlətinin də həmişə Azərbaycana cəsarətli dəstək nümayiş etdirdiyini bir daha vurğulayıb. Qeyd edilib ki, bu ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara qarşı ilk etiraz səsini yüksəldən məhz qardaş Türkiyə olub.

 

Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama, onların adlarının əbədiləşdirilməsində və türk şəhidliklərinin əsl ziyarətgaha çevrilməsində xidməti olanlara – Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Mərasimdən sonra hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” devizi altında ədəbi-musiqili tədbir keçirilib.

 

Sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.1;2.