Hər kəsə qabiliyyətinə
görə...
Yaradıcı ixtisaslara müraciət etmək, bu sahə ilə gələcək həyatını bağlamaq hər bir gəncin estetik duyğularından, onun sənətə olan məhəbbətindən xəbər verir. Son illərdə ölkəmizdə yaradıcı ixtisaslara maraq göstərən gənclərin sayı artmaqdadır. Vokal, instrumental ifaçılıq, rəssamlıq və digər sahələrdə qazanılan nailiyyətlər gənc nəsli bu istiqamətə yönəldir, yeni axtarışlara, sənətə yeni nəfəsin gəlməsinə şərait yaradır.
2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul imtahanları (V ixtisas qrupu) davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 27 avqustda başlanan qabiliyyət imtahanları sentyabrın 18-də başa çatacaq. Cari ildə 11 489 abituriyent və 2597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu seçib. Bundan əlavə, 46 280 abituriyent I-IV qruplarla yanaşı, V qrupu da elektron ərizələrində qeyd edib.
XQTİ-lərə qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət üzrə keçirilir: təsviri sənət; musiqi sənəti; memarlıq; teatr, kino və xoreoqrafiya sənəti.
İmtahanların keçirilməsi və ümumilikdə bədii sənətə maraqla bağlı suallarımızı Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri Əbülfəz Babazadə cavablandırdı. Şöbə müdiri bildirdi ki, 2020/2021-ci tədris ilində abituriyentlərin Bakı Xoreoqrafiya Akademiyasında ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə xoreoqrafiya sənəti (sahələr üzrə), instrumental ifaçılıq (fortepiano, tar, nağara, qarmon, kamança) və sənətşünaslıq (sahələr üzrə) ixtisaslarına qəbul olunmaq imkanı var: “Müşahidə və təhlillərə görə, bu il xoreoqrafiya sənəti ixtisasına ötən illərlə müqayisədə daha böyük maraq var. Bu da daha çox son illər xoreoqrafiya sənəti və xoreoqrafiya təhsili sahəsində baş verən canlanma və geniş islahatların aparılması sayəsində mümkün olub. Bu ixtisasa xüsusi maraq daha çox respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bədii özfəaliyyət dərnəklərinin əməkdaşları və müəllimləri tərəfindən göstərilir. Magistratura və doktorantura səviyyələri üzrə xoreoqrafiya sahəsini əhatə edən ixtisaslara da maraq böyükdür. Bu da xoreoqrafiya sənəti üzrə fundamental elmi tədqiqat işlərinin aparılmasına olan zərurətdən irəli gəlir”.
Azərbaycan Milli Konservatoriyasının məsul katibi Səbuhi Əliyev, əvvəlki illərdə olduğu kimi, builki qəbul imtahanlarında da xanəndəlik və milli musiqi alətlərinə daha çox maraq göstərildiyini deyir: “Xanəndəlik ixtisasından əlavə, milli vokal sahəsinə üz tutanlar da az deyil. Milli vokal sahəsində bu baxımdan həm də böyük inkişaf yaşanır. Bir neçə il idi ki, bizdə Estrada sənəti fakültəsi fəaliyyət göstərirdi, indi isə Populyar musiqi və caz ifaçılığı fakültəsi adlanır. Bu fakültədə həm vokal üzrə, həm də alətlə birgə imtahan verirlər. Artıq həmin ixtisas üzrə də imtahanlarımız olub. Ancaq nəticələr barədə DİM hələ açıqlama verməyib”.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru, Əməkdar artist
Mirnazim Əsədullayev isə qəbul
imtahanlarında milli alətlərə maraqdan söz
açdı: “Builki imtahan
mənə hədsiz zövq verdi. Ona görə ki, gözəl kamança
ifaçıları var idi.
Yaxşı bal toplayan
abituriyentlər, 9 balla qiymətləndirilən gənclər az olmadı. Milli alətimiz olan balaban ifaçıları
isə tamam başqa bir maraqla dinlənildi. İndiyə kimi imtahan günü balaban üzrə 4 müraciətə uzun illərdir ki, rast gəlmirdik. Hər bir ifaçı da özünəməxsus
bacarıq və istedad nümayiş etdirdi. Qanun aləti üzrə
də istedadlı ifaçılar imtahana gəlmişdi. Proqramları da mürəkkəb və dəqiq seçilmişdi. Sonda müəllimlik
ixtisası üzrə
qarmon alətindən imtahan verənləri qeyd etmək istərdim. Qarmona çox axın
var. Bacaran da gəlir, bacarmayan da. Amma bu dəfə
müraciət edənlər
sanki seçilmişlər
idi. Şəffaf keçirilən imtahanlarda hər kəs layiq olduğu qiyməti alır. Deyilənə görə, tar aləti
üzrə imtahanlar da çox uğurlu
olub. Arzum budur, hər
bir istedadlı uşaq öz adını DİM-in açıqladığı
siyahıda görə
bilsin. İstedadlı gənclər qəbul
olunanda bizim üçün də işləmək asan olur. Həm də kadr seçimində yanılmırıq,
istedadları gələcəyə
daha da böyük
şövqlə hazırlayırıq.
Bütün tələbə adı qazanmaq istəyən gənclərə
uğurlar arzulayıram”.
Sonda isə qeyd edək
ki, dövlət tərəfindən gənc
istedadlara göstərilən
diqqət və qayğı, onlara Prezident təqaüdlərinin
verilməsi, Heydər
Əliyev Fondunun gənclərə bütün
istiqamətlərdə dəstəyi
nəticəsində Azərbaycan
gəncliyi böyük
uğurlara imza atır. Gənclərin cəmiyyətdə rolunu artırmaq, onların bilik və bacarıqlarının
üzə çıxarılması
bu sahədə dövlət siyasətinin
prioritet istiqamətlərindən
biridir. Bütün sadaladıqlarımız, təbii ki, gənclərin ixtisas seçiminə də təsirsiz ötüşmür.
Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 16
sentyabr.- S.5.