Dramaturqun səhnəsi
Və ya teatr uğrunda söhbət
Müsahibimiz son illər milli teatr səhnəmizin ən çox müraciət etdiyi dramaturqlardan biri, Əməkdar incəsənət xadimi Əli Əmirlidir.
– Əli müəllim, gəlin, ilk olaraq
karantin dövründən danışaq. Sizin üçün bu proses necə
keçir?
– Qəhrəmanlarımdan
birinin sözüdür, “reallıqla barışmaya bilərsən,
amma onunla hesablaşmağa məcbursan”. Pandemiya
deyilən aylarda, nə qədər çətin olsa da, mən
bu yaşam düsturuna əməl etməyə
çalışdım. Bu məqamda
“şikayətlənmə və istəmə!” prinsipim də
köməyimə çatdı. Sadəcə,
bizə təqdim olunan vəziyyətdə – dramaturgiyada buna
settinq deyirlər – yəni mövcud şərtlərdə
yaşamağa, həyat vərdişlərimi unutmamağa
çalışdım. Çətin olsa
da, deyəsən, buna nail oldum.
– Evdə
oturmaq, bir köşəyə çəkilib saatlarla
yazı-pozu ilə məşğul olmaq zatən sizin kimi
insanların ən sevdiyi məşğuliyyətdir. Amma bu, azadlığı məhdudlaşdırdıqda
əzaba çevrilmirmi?
– Müəyyən
mənada siz haqlısınız, yaradıcı insan
üçün vaxt, zaman, arxayınlıq vacib şərtlərdəndir.
Amma bütün bunlar sənə zorla
sırınırsa, boş vaxtı boş qalmamaq
üçün yazı-pozuya sərf etməyə məcbur
olursansa, yaxşı nəticə gözləmək xəyal
qırıqlığı ilə nəticələnə bilər.
Buna baxmayaraq, mövcud şəraitlə
bağlı çaşqınlığım uzun sürmədi.
Köməyimə uzun illər qapımı
üzünə bağladığım nəsr gəldi, ilk dəfə
novella janrına müraciət etdim.
– Pandemiya
və karantin bizi teatr məkanlarından uzaq saldı. Bu mənada
“teatr üçün darıxmısınızmı?”
sualına xeyli ağrılı cavabınız olar...
–
Pandemiyanın mənim üçün ən
ağrılı məqamı, həqiqətən,
teatrların qapanması oldu. Təkcə
Bakı teatrlarının repertuarında yeddi əsərim var,
ayda ən azı 5-6 tamaşam oynanılırdı. Birdən-birə həyatımda dərin bir
boşluq yarandı. Burda bir monoloq deyim, bununla da pandemiya
mövzusunu qapadaq: “Teatrların işıqları
sönüb, qapıları bağlanıb, ən pis tamaşa
üçün də darıxmışam. Yorulmadan
Azərbaycan teatrını yamanlayan xanımlar və cənablar,
dincəlin, daha teatr yoxdur. Bəlkə bir daha olmadı,
ola bilsin hansı bir formada nəsə çıxsın,
yaransın, lap elə yerində onlayn teatr bitsin, törəsin,
amma onlayn teatr heç teatr deyil, lentə alınmış zəifdən
zəif filmdir, cansız, ruhsuz, dadsız...”.
–
Sözü teatrdan elə-belə salmadım. Çox sevdiyimiz
teatr bizim üçün heç də hər zaman həyatın
səhnə modeli ola bilmir. Bunun
əsas səbəbi nədir?
– Mən əlli
ildən çoxdur fəal teatr tamaşaçısıyam. Həmişə də teatr cameəsinin
dramaturgiyadan, teatrdan gileyləndiyini eşitmişəm.
Əlli il qabaq da belə idi, indi də belədir.
Halbuki, müstəqillik dövrünün
dramaturgiyası bütün teatr üçün çox
mürəkkəb bir zamanda Azərbaycan teatrını
yaşatdı. Bu dramaturgiyanın ən
yaxşı nümunələri xarici ölkələrdə
də tamaşaya qoyulur, mükafatlara layiq görülür.
Bu gün Azərbaycan dramaturgiyası “Biləcəridən
o yana” sindromu yaşamır. Əgər
sizin dediyiniz həyat modeli pyeslərimizdə yoxdursa, bəs
tamaşaçıları teatra gətirən nədir? Bu başqa məsələdir ki, yaxşını
çox vaxt müasirləri düzgün qiymətləndirə
bilmirlər.
–
Çağdaş teatr üçün iti reaksiyalı
dramaturqlar və onu səhnə rakursunda təqdim edə biləcək
cəsarətli rejissorlar vacibdir deyə düşünənlər
çoxdur...
– Sizinlə
razıyam. Doğrudan da, teatr zamanın əhvalına,
ovqatına, sərt reallığına tən gəlməli,
adekvat olmalıdır. Amma nəzərə
almalıyıq ki, bu gün teatr tənqid-təbliğ vasitəsi
deyil, olmamalıdır da. Bununla belə,
tamaşaçı səhnədən doğru söz
eşitməli, real həyatımızın problemlərinin bədii
təqdimatını görməlidir.
Onu da deyim ki, yaxşı pyes hələ yaxşı
tamaşa deyil.
Onun yaxşı tamaşa olması
üçün güclü rejissor və bütöv bir
kollektivin peşəkarlığı tələb olunur.
Teatra təqdim olunan pyeslə müəllif arasına onlarla adam girir. Deməli, hər kəs
öz yerində yüksək peşəkar olmalıdır ki,
siz deyən dipdiri teatr yaransın. Bildiyiniz
kimi, dramaturgiyamızda müəllif tünlüyü yoxdur.
Mövcud dramaturqları saymaq üçün bir əlin beş barmağı da çox gəlir. Əslində isə, çox güclü bir teatr
mühiti olmalıdır, onlarla dramaturq yetişməlidir ki,
içərisindən yaxşı mənada seçilənlər,
parlayanlar olsun. Heç olmasa, dramaturgiyaya
meyil edən bir neçə gənc müəllifi teatr ənənələri
güclü olan xarici ölkələrə təhsil
almağa göndərmək lazımdır.
– Bunu ona
görə soruşdum ki, siz uzunillik pedaqoji təcrübəyə
maliksiniz. Yəqin gənc nəsil dramaturq və
rejissorların – onların əksəriyyəti universitetinizin
məzunlarıdır – bu mənada narahatlıqlarını duya
bilirsiniz...
– İstənilən yaradıcılıq
növü mükəmməl təhsil tələb edir. Əlbəttə, təhsil almadan şeir qoşmaq, əhvalat
quraşdırmaq mümkündür, bədahətən
meyxana da demək olar, dramaturgiya isə fərqlidir. Dramaturqun yüksək təhsili, mədəni səviyyəsi,
teatral düşüncəsi, geniş mütaliəsi
olmalıdır. Amma bu saydıqlarım
azdır, dramaturq teatrı böyük məhəbbətlə
sevməlidir. Dramaturgiya hobbi deyil, ona
bütün həyatını verməlisən. Təəssüf ki, dramaturq olmaq istəyən gənclərin
çoxu dediyim tələblərə cavab vermirlər.
Ali təhsil diplomu almaq naminə bu ixtisasa təsadüfən
gələnlər az deyil.
–
Dramaturgiyaya marağın azlığının səbəbi
nədədir?
– Mən
deməzdim ki, dramaturgiyaya maraq azdır, əksinə, bir balaca
ədəbiyyatda tanınmağa başlayan, şəhər mədəniyyətinə
adaptasiya olunan hər bir yazıçı səhnədə və
ya ekranda öz əsərini görmək istəyir. Amma istəmək azdır, bunu bacarmaq
lazımdır. Demək olar ki, müasir gənc
yazarların əksəriyyətini, qiyabi də olsa,
tanıyıram, yaradıcılıqları ilə
tanışam. Təəssüf ki,
onları teatr salonlarında görmürəm, gördüklərim
isə məhz dramaturgiyaya meyil edənlərdir.
– Hüseyn Cavid deyirdi ki, “Əsərlər zəhərli,
əxlaqsız, kefşək bir mövzu təqib edərsə,
gec-tez bütün oxucularını da zəhərləmiş
olar”. Necə düşünürsünüz, bu
günün oxucusu hansı mövzunun əsiridir?
–
Böyük dramaturqla tam razıyam. Çox təəssüf
ki, indi gənclərin çoxu kitaba yox, ekrana baxır.
İnsan ölümü, qəddarlıq, qan-qada, mənəviyyatsızlıq,
qorxu, vahimə... Bütün bunlar elə
yüksək peşəkarlıqla, istedadla göstərilir
ki, təsirə düşməmək çətindir. Bütün bunlardan sonra o gənclərdə
yüksək mənəvi dəyərlərdən bəhs edən
kitabları oxumağa vaxt, hövsələ və həvəs
qalmır. Mənə gələndə,
çalışıram janrından asılı olmayaraq,
yazılarım insanları mərhəmətə,
xeyirxahlığa, insanpərvərliyə, ədalətə,
haqqa, doğru olana səsləsin. Əsərlərimdə
qəddar səhnələrdən, insanın ləyaqətini
alçaldan epizodlardan yan keçməyə
çalışıram.
– Son
dövrlərin statistikasına nəzər saldıqda əsərləri
ən çox səhnələşdirilən müasir
dramaturqlardan birisiniz. Yəqin ki, məmnunsunuz.
– Bir dəfə
çox yüksək məqamda olan məşhur
yazıçılardan biri “Şah Qacar”a baxırdı. Antraktda soruşdu neçə pyes yazmısan?
Doğrusu, bir az çaşdım,
çünki say mənim üçün əsas deyil. Elə bu sualın havasından təsirlənib
hesab-kitab açdım, gördüm otuzu keçmişəm.
Bir onu bilirəm ki, yazdıqlarımın, demək
olar, hamısı müxtəlif teatrlarda dəfələrlə
tamaşaya qoyulub. “Varlı qadın”ın iyirminci
premyerası ötən il Osetiyada oldu. Məmnunluq məsələsinə gələndə,
nə gizlədim, belə bir hiss yox deyil.
– Bu
günün dramaturgiyası hansı mövzuya borcludur və
bir tamaşaçı kimi siz hansı tematikada boşluq
görürsünüz? O boşluq ki, tamaşaçı ilə
teatr arasında zəncirvarı həlqəni qırır.
–
Müasir yazıçı mövzu sarıdan korluq çəkmir,
çəkməməlidir. Amma əsas olan
mövzu deyil, əsas mövzunu necə təqdim etməkdir, əsərin
bədii dəyəridir. Məlum bir ifadə var: teatr həyatın
aynasıdır. Belə olmağına belədir,
əgər o ayna aldatmırsa, həqiqəti göstərirsə,
özü də bədii həqiqəti, o zaman teatr həyatın
özündən daha maraqlı, daha inandırıcı, daha
təsirli və sirayətedici olur. Bu
gün Azərbaycan teatrı, deməzdim ki, cəmiyyət həyatında
mühüm yer tutur. Bütün ciddi sənət
növləri kimi teatr da internetin, sosial şəbəkələrin,
kütləvi əyləncə vasitələrinin ciddi
basqısı altındadır. Teatrımız
bu gün özünün əsas sənət
funksiyasını yerinə yetirir. Buna nə dərəcədə
nail olur, bu başqa söhbətin mövzusudur.
–
Dramaturgiya sizi nəsrdən, roman yazmaqdan bir az
uzaqlaşdırdı. Bu, dramaturgiyadakı
boşluğu doldurmaq cəhdidir, yoxsa kütləvi
oxucu-tamaşaçı ilə ünsiyyət
rahatlığı?
–
Dramaturgiyaya gələndə artıq iyirmiillik nasir stajım
vardı. Oxucularım da kifayət qədər
idi. Çap məsələsində də
korluq çəkmirdim. Bununla belə,
içimdə heç vaxt azalmayan bir teatr sevgisi vardı.
Bax, elə həmin sevgi məni dramaturgiyaya gətirdi.
İlk pyesim 1990-cı ildə oynandı və
böyük uğur qazandı. Bu o zaman idi ki, millətin
yeni iqtisadi münasibətlərə uyğunlaşma prosesi
çox ağrılı gedirdi, bir az əvvəldə
dediyim kimi, yeni azərbaycanlı tipi formalaşırdı. Mən öz qəhrəmanlarımı məhz bu
yeni insan tipləri arasından seçirdim. Özüm də heç bir boşluğu doldurmaq
fikrində deyildim, sadəcə, mən şəxsimi səhnə
əsərlərində ifadə etməyi daha uyğun hesab elədim.
– Hər
müəllifin özünün, belə deyək, sevimli əsəri
olur. Bu bölgü sizdə də varmı?
– Əsərlərimi, xüsusilə pyeslərimi
yaxşılara, pislərə bölmək istəməzdim. Çünki
onların hər biri mənə alqışlar, sevinc, nəhayət,
uğur gətirib. Bununla belə, etiraf edim ki, çox
sevdiyim, az sevdiyim, hətta heç sevmədiyim pyeslərim də
var. Bəyəndiklərimi isə deyəcəyəm:
“Köhnə ev”, “İyirmi ildən sonra”, “Varlı qadın”,
“Mesenat”, “Bütün deyilənlərə rəğmən və
ya Ağa Məhəmməd şah Qacar”, “Nuri-didə Ceyhun”...
–
Avtobioqrafik romanınızda, həmçinin illər əvvəl
qələmə aldığınız “Meydan” əsərində
də cəsarətli müəllif mövqeyinizi göstərmisiniz.
Toxunmaq istədiyiniz, lakin tərəddüd
etdiyiniz mövzular varmı?
– Uzun illərdən
sonra yenidən nəsrə bir salam vermək
ehtiyacı hiss etdim, 2015-ci ildə “Ağdamda nəyim
qaldı” avtobioqrafik romanımı yazdım. Məni razı
salan o oldu ki, bu roman bir vaxtlar “Meydan”, “Axirətdən qabaq gəzinti”
və “Ölü doğan şəhər” romanlarım kimi
oxucular tərəfindən maraqla qarşılandı. Sualınızın əsas məğzinə gələndə,
həqiqətən, yazmaq istədiyim, amma bəzi səbəblərdən
tərəddüd etdiyim yasaq mövzularım var. Bilmirəm,
o mövzuları nə vaxtsa yazacam, ya yox? Bununla
belə, bu pandemiya dövründə çoxdan içimdə
gəzdirdiyim bir mövzunu, nəhayət,
reallaşdırdım. “Pərdəsiz”
adlandırdığım bu pyes Azərbaycan teatrının
çox məşhur iki aktrisasının bir növ
duel-dramıdır. Bu pyesi hələ heç kəsə
göstərməmişəm, heç çox ciddi “ev
redaktorum” da pyeslə tanış deyil.
– Əksər rejissorlar sizin kimi tanınan imzalara
üstünlük verirlər. Bu, gəncləri
qıcıqlandırmır ki?
– Mən
nə rejissorları, nə də teatrları qınayıram. Teatra yaxından bələd olduğuma görə
onları yaxşı başa düşürəm. Axı teatr tamaşa istehsal edən müəssisədir,
ona lazımdır ki, böyük enerji, istedad, güc, vaxt, nəhayət,
pul sərf etdiyi tamaşanın alıcısı olsun,
tamaşaçı zalı yarımçıq tərk etməsin.
Ona görə də onlar tanınan müəlliflərə,
tamaşaçıların sevə biləcəyi əsərlərə
müraciət edirlər. İndi
yaşından asılı olmayaraq mənim imzam və ya əsərim
kimisə qıcıqlandırırsa, bu, mənim problemim
deyil.
– Siz daha çox dramaturq Əli Əmirli, yoxsa yazıçı Əli Əmirli ilə həmfikirsiniz? Ümumən yaradıcılıqda təzad anlayışı sizin düşüncənizdə izharını necə tapır?
– Janrından asılı olmayaraq bütün əsərlərimin müəllifi səmimiyyətdir. Dramaturq dediklərinə inanmasa, tamaşaçını da inandıra bilməyəcək, nəticədə pyes ölü doğulacaq. Əsərlərimdə boy göstərən onlarla personajın hər biri cinsindən, sosial statusundan, mənfi-müsbətliyindən asılı olmayaraq mən özüməm. Yazı prosesinə başlayanda personajlarım ana bətnindəki rüşeym kimi tədricən yaranmağa, dirçəlməyə, formalaşmağa başlayır, sonra onlar söz, fikir və məzmunla dolurlar. Hər replikanı, dialoqu yazdıqca artıq onların səsini eşidirəm, o səsin tembrini seçirəm, nəhayətdə, onları valideyn məhəbbəti ilə sevirəm. Əgər bu məhəbbət içimdə oyanmırsa, onları sevmirəmsə, deməli, təsvir etdiyim hadisənin bədii həqiqətini tapmamışam. Onda kompüterdən aralanmağa üstünlük verirəm. Müəllifin daxili konflikti, təzadlı düşüncələri olmasa, dramatik əsər heç cür yarana bilməz. Hər bir dram əsərinin vacib bir konflikti olmalı, dinamikanı da o təmin etməlidir. Bütün bunların məkanı, əlbəttə, dramaturqun öz dünyasıdır.
– Əsərlərinizin səhnə taleyi, gələcəyi barədə necə, düşünürsünüzmü?
– Teatr
“indi və bu gün” prinsipi ilə işləyir. Sabahı
düşünüb işləyən teatrın, elə
dramaturqun da nə bu gün, nə də sabah
tamaşaçısı olacaq. Biz tez-tez “gələcək”,
“gələcək nəsil” deyib narahat oluruqsa, bəs
müasir nəslin dərdini kim çəkəcək?
Dramaturgiyam məhz bu gün maraq doğurursa,
tamaşaçı gətirirsə, deməli, bir dramaturq kimi
mən vəzifəmi yerinə yetirə bilirəm. Əsərlərimin gələcək taleyi isə məni
o qədər düşündürmür. Pyeslərimin taleyi ilə canfəşanlıqla məşğul
olmuram.
Söhbətləşdi: Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 16
sentyabr.- S.5.