Qədim Bakı əcnəbi səyyah və rəssamların gözü ilə

 

Ötən əsrlərdə Azərbaycana səfər etmiş və qədim Bakı haqqında gördüklərini yazmış, eyni zamanda təsvir etmiş Avropa səyyahlarının, eləcə də tarixdə əsərləri ilə iz qoymuş və qədim Bakıya sehrli fırçalarını toxundurmuş əcnəbi rəssamların əsərləri bu gün qədim şəhərimizin tarixiniirsini gözlər önünə gətirən dəyərli mənbələrdir.

 

Bu sırada qravüralarında qədim Bakını təsvir edən alman səyyahı və təbiətşünası Engelbert Kempfer, rus alimi və şərqşünası Samuel Qmelin və digərlərinin adlarını çəkə bilərik. Bakı şəhəri valehedici gözəlliyi, tarixi ilə rus rəssamları Qabriel Sergeyev, Aleksey Boqolyubov, Qriqori Qaqarin, konstruktivizm üslubunun nümayəndəsi Solomon Telinqater, veduta – şəhər mənzərəsi üslubunda əsərlər yaradan Pyotr Vereşşagin, fransız memar və rəssam Jan Pyer Muane kimi sənətkarların da diqqətini çəkmişdir. Onların əsərlərində Bakının XVII əsrdən başlayaraq XX əsrə kimi tarixi təsvirlərini xronoloji ardıcıllıqla nəzərdən keçirək...

 

***

 

Alman səyyahı və təbiətşünası Engelbert Kempfer 1683–1693-cü illər arasında Rusiya imperiyasına və Cənub-Şərqi Asiyaya səfəri zamanı Azərbaycanda da olmuş, bu səfərdən təəssürat olaraq “Bakı qalası” və “Şamaxı” əsərlərini (1683) yaratmışdır. O, 1683-84-cü illərdə İsveç səfirliyinin katibi kimi Rusiyaİranda olmuş, İran körfəzində olan Holland donanmasında qulluq etmiş, müxtəlif Şərq ölkələrində olmuşdur. Xəzər dənizindəki bir səyahətdən sonra Abşeron yarımadasını, Bakı ətrafındakı “əbədi od sahələri”ni ziyarət edən (1683) alim şəhəri olduqca ətraflı və dəqiq təsvir etmişdir. O, həmçinin Bakının neftduz mədənləri, Abşeronda yanar qazın çıxması, Bakı və Abşeronun sosial həyatı, memarlıq və məişətinə dair bir sıra dəyərli məlumatlar vermişdir.

 

1684-cü ildən sonra Hindistan, Cənub-Şərqi AsiyaYaponiya gəzintilərinə davam edən Kempfer 1693-cü ildə vətəninə qayıtmışdır. 1712-ci ildə isə səyahətləri haqqında iki kitab yazmışdır. Alim kitabında Azərbaycan haqqında ətraflı bəhs etmişdir. Onun əsərinin ikinci hissəsində Abşeron, Bakı, neft quyuları haqqında məlumatlar xüsusilə maraqlıdır. Engelbert Kempfer Xəzər dənizinin xüsusiyyətləri, Xəzər ətrafındakı ərazilərin bitkiheyvanat aləmi, təsərrüfatı, eləcə də Qafqaz dağlarının relyefi haqqında söhbət açır. Qeyd etmək lazımdır ki, Kempfer Abşeron torpağında “əbədi odu (Yanardağ) ilk təsvir edən tədqiqatçılardandır.

 

***

 

Rus alimi və şərqşünası Samuel Qmelinin Bakı şəhərinin tarix və mədəniyyətinin araşdırılması və öyrənilməsində böyük əməyi olmuşdur. Qmelin 1770-ci ildə Rusiya Elmlər Akademiyasından İranı və Azərbaycanı öyrənmək üçün elmi ekspedisiyaya göndərilmişdi. O, Bakıda olarkən şəhəri ətraflı təsvir etmişdir. Qədim Bakının təsvirinin ilk yaradıcılarından olan alimin 1770-ci ildə çəkdiyi “Bakı şəhəri” qravürası tarixi təsvir baxımından dəyərli nümunədir.

 

***

 

“Bakı şəhərinin görüntüsü”, “Bakı. Qala”, “Bakı” əsərlərinin (1796) yaradıcısı, rus rəssamı Qabriel Sergeyeviç Sergeyev 1770–1816-cı illərdə hərbi topoqraf kimi xidmət etmişdir. Rəssamlıq sahəsində peşəkar sənət təhsili almasa da, Rusiya, Finlandiya və Türkiyənin müxtəlif şəhər və bölgələrinə səfərləri zamanı eskizlər, topoqrafik planlar hazırlayarkən öz-özünə rəsm çəkməyi öyrənmişdir. Rəssam sulu boyapeyzaj ustası idi. Sergeyev Türkiyə və Misirin tarixi təsvirlərini yaradan ilk rus sənətkarı idi. O, XVIII əsrin sonlarında Osmanlı imperatorluğunun mənzərələrindən ibarət silsilə sulu boya təsvirləri yaratmışdı. 1796-1797-ci illərdə hərbi ekspedisiyalarından olan İran səfərində Sergeyev qədim Bakı mənzərələrini təsvir etmiş, “Bakı şəhərinin görüntüsü” əsərini isə Şamaxıdan dönərkən çəkmişdir.

 

***

 

Rus rəssamı və incəsənət tədqiqatçısı Qriqori Qaqarinin əsərlərinin böyük bir qismi Qafqazla, ələlxüsus da Azərbaycanla sıx əlaqəlidir. Rəssam 1839-cu ildən 1850-ci ilə qədər Qafqaz regionunda olmuşdur. Burada hərbi xidmətdə olarkən rəssamın yaradıcılığında maraq dairəsini Qafqaz xalqlarının tarixi, məişəti məsələlərinin tədqiqatı əhatə edirdi. O, bir çox rəsmlərini – portretlər, mənzərə rəsmləri və döyüş səhnələrini məhz bu xalqlara həsr etmişdir. Qafqaz səfərləri zamanı Qaqarin dəfələrlə Azərbaycanda – Bakıda, Yelizavetpolda (indiki Gəncə), Şamaxıda olmuşdur. O, Azərbaycanın şəhərlərində olarkən “Şamaxı rəqqasələri”, “Bakıda fars qadını”, “Yelizavetpollu molla” və s. rəsmlər, həmçinin Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir. Azərbaycan memarlığını öyrənən tədqiqatçı bu mövzunu əhatə edən “Xan sarayı. Bakı”, “Atəşpərəstlər Abşeron yarımadasında yerləşən Atəşgahda” əsərlərində də qədim Bakının gözoxşayan memarlıq nümunələrini təsvir etmişdir.

 

***

 

1858-1859-cu illərdə məşhur fransız yazıçısı Aleksandr Düma Rusiya imperiyasına səyahəti zamanı Qafqazı, həmçinin Azərbaycanı gəzmişdir. Düma bu səfərə bacarıqlı memar və rəssam Jan Pyer Muane ilə çıxmışdı. Aleksandr DümaJan Pyer Muane Bakını və ətraf kəndlərini gəzmiş, xeyli maraqlı məlumatlar toplamış, təsvirlər hazırlamışdılar. Dümanın “Qafqaz səfəri” adlı etnoqrafik səpkidə yazdığı əsəri 1861-ci ildə Tiflisdə rus dilində çap edilmişdir. Kitabdakı Bakının təsvirlərini Muane çəkmişdir. 1858-ci ilə aid olan Bakı mənzərəsi, Atəşgahın təsvir edildiyi iki əsəri və Şamaxı mənzərələri Muanenin Azərbaycana səfəri zamanı yaratdığı işlərə aiddir.

 

***

 

Bakı ilə bağlı tarixi təsvirlərin müəllifi olan Aleksey Petroviç Boqolyubov 1853-cü ildən Rusiya Baş Hərbi Dəniz Qərargahının rəssamı olaraq fəaliyyət göstərmişdir. 1873-cü ildən etibarən Parisdə yaşamış, Rusiyaya mütəmadi olaraq gəlmişdir. Rəssam yaradıcılığı boyu mənzərə və dəniz döyüşlərinin təsvirinə önəm vermişdir. Boqolyubovun yaradıcılığını əhatə edən “Dənizçi – rəssamın qeydləri” kitabına nəzər salsaq görərik ki, Boqolyubov 1861-ci ildə Bakıya gəlmiş və şəhərin sahilboyu fərqli sahillərinin təsvirini hazırlamışdır. Həmin ilGünorta saatlarında Bakı”, “Bakı” əsərlərini, 1874-cü ildə isə “Bakının mənzərəsi”, “Bakı. Qız qalası” əsərlərini yaratmışdır. Sənətkarın kitabında Bakı haqqında yazdığı qeydlərdən misal: “Bakı şəhərini çox bəyəndim. Dənizin sahilində gözəl və bir o qədər də əfsanəvi olan qədim qala yerləşir. Məscidin yaxınlığında kiçik olmasına baxmayaraq, gözəl bir bazar da var. Ümumiyyətlə, Şərq mədəniyyəti burada olduqca yaxşı hiss olunur”.

 

***

 

Pyotr Petroviç Vereşşagin akademik üslubda veduta – şəhər mənzərəsi üzrə rəssam idi. Rəssam yaradıcılığı boyu tarixi şəhərlərin təsvir edilməsinə böyük maraq göstərmişdir. Kiyev, Peterburq, Bakı və s. şəhərlərin mənzərələri onun fırçasına aiddir. Bakıda olarkən bir çox maraqlı təfərrüatları, şəhərlə əlaqəli hər hansı bir xırda hadisəni də əsərində əks etdirirdi. Vereşşagin “Dənizdən Bakının mənzərəsi” əsərini 1872-ci ildə yaratmışdı və həmin əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında nümayiş olunur.

 

***

 

Sovet qrafik rəssamı, kitab dizayneri, konstruktivizmin parlaq nümayəndəsi Solomon Benediktoviç Telinqater illüstrasiya, şrift sənətinin ustası, bir çox başlıq şriftlərinin yaradıcısı olmuşdur. Bakıdakı Xalq Maarif Komissarlığının bədii emalatxanasında təsviri sənəti öyrənmişdir. Daha sonra Moskvada təhsilini davam etdirmiş və yenidən Bakıya geri dönmüşdür. Şəhərdə ilk kinoteatr fəaliyyətə başladıqdan sonra Telinqater səssiz filmlərin reklamı olan plakatlar çəkmiş və çap etmiş, daha sonra Azərbaycan Foto-Kino Şurasının loqosunu hazırlamışdır. 1925-ci ildə yenidən Moskvaya köçən sənətkar müxtəlif nəşriyyatlarda rəssam-dizayner kimi işləmişdir. Solomon Telinqaterin 30-cu illərdə populyarlığı artmış, 1939-cu ildə əsərləri Nyu-Yorkdakı Beynəlxalq İncəsənət və Çap Sərgisində nümayiş etdirilmişdir. Sənətkarın yaradıcılığının parlaq nümunələrindən olan, 1958-ci ildə çəkdiyi “Köhnə və yeni Bakı”, “Bakı qalası” əsərlərini qeyd edə bilərik.

 

Lamiyə FƏRZƏLİYEVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.7.