Tonyukuk abidəsinin 1300 illiyi ilə bağlı videokonfrans

 

Sentyabrın 10-da UNESCO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı ilə Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinə həsr olunmuş videokonfrans keçirilib.

 

Tədbirə TÜRKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun rəhbər nümayəndələri, Türkiyənin Xarici İşlər Təhsil nazirlərinin müavinləri, UNESCO üzrə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan Milli komissiyalarının nümayəndələri, Türkiyənin tanınmış alimləri qatılıb.

 

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz onlayn görüşü açaraq, tədbirin məqsədinin ümumtürk tarixində önəmli yerə sahib olan Tonyukuk abidəsinin qorunması ilə bağlı fikir mübadiləsinin aparılması abidənin mətnlərini UNESCO dəyərləri baxımından müzakirə edilməsi olduğunu söyləyib.

 

Videokonfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Tonyukuk abidəsinin türkdilli xalqların qədim maddi və mənəvi dəyəri olduğunu vurğulayıb. Qeyd edib ki, “Türk” sözünə ilk dəfə Göytürk dövrü hadisələrini əhatə edən bu yazılı mənbələrdə rast gəlinməsi abidənin bütün türk dünyası üçün böyük əhəmiyyətini göstərir. Türk xalqlarının milli kimliyinin və mədəni irsinin əsaslarını əks etdirən Tonyukuk abidəsi tarixi dəyərlərimizin başlanğıc nöqtələrindən biridir.

 

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ortaq mədəniyyət və tariximizin öyrənilməsi ilə bağlı layihələrə dəstək verməyə davam edəcəyini, o cümlədən Tonyukuk abidəsi ilə əlaqəli bir sıra proqramların həyata keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, məqsədimiz gəncləri və yeni nəsilləri zəngin türk irsi ilə yaxından tanış etmək, bu dəyərləri beynəlxalq aləmdə tanıtmaqdır.

 

Konfransda Tonyukuk abidəsi ilə bağlı məlumatların təhsil proqramlarına salınması, abidənin qorunması ilə bağlı müvafiq işlərin aparılması, eləcə də ümumilikdə türk dünyasına aid abidələrin mühafizəsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, qədim türk daş kitabəsi olan Bilgə Tonyukuk abidəsinin 1300 illiyi UNESCO-nun 2020-2021-ci illər üzrə yubileylər proqramına təqdim edilib. Bununla bağlı təqdimat UNESCO üzrə Türkiyə Milli Komissiyasının təşəbbüsü, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə irəli sürülüb. İndiki Monqolustan ərazisində yerləşən Bilgə Tonyukuk daş kitabəsi (720-725-ci illər) VIII əsrə aid Göytürk yazılı abidələrindən biridir.

 

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.