Virtual səyahət sərgisində
ölkəmizin təqdimatı
Azərbaycan Turizm Bürosu Hindistanın “Virtual Travel Mart 2020” (“Virtual səyahət mağazası”)
sərgisində ölkəmizin
turizm potensialını
virtual formatda təbliğ
edib.
Sərgi Azərbaycan Turizm Bürosunun Cənubi Asiya üzrə tərəfdaşı və
Hindistanın turizm təlimləri üzrə
ixtisaslaşmış ilk onlayn
səyahət platforması
“TravelGyaan” tərəfindən
təşkil olunub.
1000-dən çox əcnəbi
turagent, turoperator, hotelçilik və toy turizmi üzrə ixtisaslaşmış şirkət
nümayəndələrinin iştirak etdiyi virtual sərgi qrup halında və təkbətək canlı
görüşlər şəklində
davam edib.
Azərbaycan Turizm Bürosunun təmsil olunduğu 40-dan çox onlayn görüşdə iştirakçılara
ölkəmizin sağlamlıq,
korporativ və digər turizm növləri üzrə imkanları barədə ətraflı məlumat verilib, hindistanlı turistlərin maraq dairəsini əhatə edən mövzularda təqdimatlar keçirilib.
Virtual tədbir çərçivəsində
cari vəziyyətlə
bağlı məlumat
mübadiləsi aparılıb
və gələcək
əməkdaşlıq imkanları
müzakirə olunub.
Görüşlər zamanı pandemiya və postpandemiya dövründə elektron viza məsələləri,
Azərbaycanın turizm
sektorunda sanitariya və gigiyena normaları, hotellərdə
yeni qiymət siyasəti, Hindistanla birbaşa hava uçuşları və
digər mövzular ətrafında suallar cavablandırılıb.
Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.2.