Biz türklərik! Çadırımız göy qübbəsi”

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimatı olub.

 

Sentyabrın 15-də Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri nəşrin elmi redaktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açaraq, Bakı Dövlət Universitetinin dosenti Nərman Qocatürkün İstanbulda türk dilində çap edilmiş kitabının türk xaqanlıq tarixinə həsr edildiyini bildirib. Kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik” fikirləri ilə açılır.

 

Onlayn təqdimatda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Əli Yıldız, İstanbuldan tədbirə qoşulan Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Ələddin Böyükkaya, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, layihənin rəhbəri Məmməd Musayev, kitabın müəllifi Nərman Qocatürk və başqaları çıxış ediblər.

 

Çıxışlarda kitabın təqdimatının əlamətdar bir gündə - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə keçirildiyi vurğulanıb.

 

Qeyd olunub ki, kitabda türk tarixinin keşməkeşli və şanlı səhifələrinə nəzər salınır ki, bu da tariximizə yenidən baxmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın və ölkələrimizin əbədi birliyindən soraq verir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrində Türkiyə önəmli yer tutur. Kitabda türk birliyinə xidmət edən tarixi anlara geniş yer verilib.

 

Kitab Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Türkiyə OdalarBorsalar Birliyinin rəyi ilə çap edilib.

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.6.