“Hər günə bir şeir

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası tərəfindən bu ilin avqust ayında başlanan “Hər günə bir şeir” adlı onlayn müsabiqə sentyabrın 15-də yekunlaşıb. Layihə Azərbaycan və dünya ədəbiyyatının poeziya nümunələri ilə oxucuları tanış etmək, bədii ədəbiyyata marağı artırmaq, istedadlı oxucuları üzə çıxarmaq məqsədilə keçirilib.

 

Müsabiqə müxtəlif yaşda peşə və təhsil qruplarından olan oxucu auditoriyasını əhatə edib. Layihə bir çox mədəniyyət və təhsil müəssisələri tərəfindən də dəstəklənib.

 

Müsabiqədə məktəblilər və yuxarı yaş qruplarına daxil olan həvəskar qiraətçilər iştirak ediblər. Hər yaş qrupuna görə I, II və III yerlərin qalibləri müəyyən olunub. Qaliblər fəxri fərman və kitab hədiyyələri ilə mükafatlandırılıblar.

 

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Emin Əliyev adına 297 nömrəli məktəbin 7-ci sinif şagirdi Nərgiz Mirzəyeva (I yer), Bakı Avropa Liseyinin 4-cü sinif şagirdi Rauf Abdullayev (II yer), Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi Rufiz Quluzadə (III yer) məktəb yaş qrupu üzrə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi kitabxanasının əməkdaşı, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Solmaz Əfəndiyeva (I yer), həmin kitabxananın əməkdaşı Aytən Məhyəddinova (II yer), Şəki şəhər MKS-nin əməkdaşı Dilbər Yaqubova (III yer) isə yuxarı yaş qrupu üzrə müsabiqənin qalibi olublar.

 

Obrazı daha xarakterik canlandırma və ifa məharətinə görə İncəsənət Gimnaziyasının müəllimi Pərvanə Talıbova “Hər günə bir şeir” adlı onlayn müsabiqənin fəxri qalibi adına layiq görülüb.

 

Səbail rayon MKS-nin Mərkəzi kitabxanası onlayn rejimdə işlərini davam etdirir, yeni layihələr və tədbirlərlə oxucularını öz ətrafında toplamağa çalışır.

 

Ramilə ƏSƏDOVA

Səbail rayon MKS-nin əməkdaşı

 

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.7.