Yazarlar Klubu” hərbçilərə kitablar hədiyyə edib

 

 

Sentyabrın 16-da “Azərbaycan Yazarlar Klubuİctimai Birliyi (AyAK) Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət  Mərkəzinin kitabxanasına 150-yə qədər bədii kitab hədiyyə edib.

 

Tədbir “Pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi” layihəsi çərçivəsində həyata keçirilib.

 

Kitablar arasında Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin nəşri olan “Qələmlə, silahla…” adlı kitab-albom da var. Nəşrdə 2016-cı ilin Aprel döyüşlərindən sonra Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən bir qrup şair və yazıçının təəssüratı əksini tapıb. Bundan əlavə, xalq yazıçıları və şairləri Anar, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və  Fikrət Qocanın kitabları, Elçin Hüseynbəylinin yenicə çapdan çıxmış “Vida” romanı kitabxanaya təqdim edilib.

 

Kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi, şairə Zəminə Xınalı “AyAK” rəhbərliyinə təşəkkür edib. Bildirib ki, bu əsərlər ordu ilə yazarlar arasında bir körpüdür. Hərbçilərin mütaliəyə marağının artmasında, vətənə, torpağa, bayrağa olan sevginin daha da möhkəmlənməsində bu kitabların əhəmiyyəti böyükdür.

 

“Azərbaycan Yazarlar Klubuİctimai Birliyinin sədri, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və adıçəkilən qurum artıq beşinci ildir ki, bu cür  layihələrə maliyyə yardımı göstərir.

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.7.