Təsviri sənətimizdə rəssam-pedaqoq imzası

 

XX əsr Azərbaycan təsviri sənətində tanınmış imzalardan biri də Əməkdar incəsənət xadimi Əyyub Hüseynov olub. O, rəssamlığın, demək olar, bütün janrlarında uğurlu əsərlər yaradıb.    

 

Əyyub Müseyib oğlu Hüseynov 2 sentyabr 1916-cı ildə Naxçıvan MR-in indiki  Kəngərli rayonunun Xok kəndində anadan olub. Erkən çağlardan təsviri sənətə maraq göstərir. Orta məktəbi başa vurduqdan sonra arzularının ardınca Bakıya gəlir. 1930-cu ildə Rəssamlıq Texnikumuna (sonralar Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi) qəbul olunur. Bu sənət məktəbini müvəffəqiyyətlə bitirir və rəssamlığın sirlərini daha dərindən mənimsəmək üçün 1935-ci ildən Tiflisdə Rəssamlıq Akademiyasında təhsilini davam etdirir. Görkəmli gürcü sənətkarlarından mükəmməl dərs alır.

 

Əyyub Hüseynov ali təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdır. Burada müxtəlif janrlarda əsərlər yaradır. Həmçinin yerli teatrda səhnə əsərlərinə bədii tərtibat verir. Eyni zamanda tanınmış fırça ustası Şamil Qazıyevlə əməkdaşlıq edir, bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini birgə hazırlayırlar. Onun Naxçıvan teatrında Ə.Haqverdiyevin “Pəri-cadu”, S.Vurğunun “Fərhad və Şirin”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, N.Nağıyevin “Polad”, Ə.Abbasquliyevin “Günəş doğur” və s. pyeslərinə verdiyi bədii tərtibat və çəkdiyi geyim eskizləri maraqla qarşılanır.

 

Paytaxtın təsviri sənət mühitinin onun gələcək yaradıcılığına daha geniş imkanlar açacağına inanan Əyyub Hüseynov 1948-ci ildə Naxçıvandan Bakı şəhərinə  köçür. İllər öncə təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində işə düzəlir. Burada dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla da  məşğul olur. Mütəxəssislər özünəməxsus ənənələri olannüfuzlu təhsil ocaqlarından sayılan məşhur “Əzimzadə məktəbi”nin Ə.Hüseynovun sənətkar kimi inkişafında mühüm rol oynadığını qeyd edirlər.

 

Fırça ustası təşkilatçılıq bacarığı ilə diqqəti cəlb edir və 1956-cı ildə məktəbin direktoru təyin edilir. Araşdırmalarda qeyd edilir ki, Ə.Hüseynovun direktor işlədiyi müddətdə məktəbdə tədris prosesinin uğurlu nəticələri olur. Bu gün Azərbaycan təsviri sənətini dünya miqyasında ləyaqətlə təmsil edən rəssam və heykəltəraşlarımızın bir çoxu məhz onun direktor vəzifəsində çalışdığı illərdə təhsil alıb.

 

Pedaqoji fəaliyyətlə bərabər Bakıda və respublikanın hüdudlarından kənarda təşkil olunan sərgilərdə iştirak edən rəssam özünü təsviri sənətin fərqli janrlarında tanıda bilir. Daim axtarışda olan Ə.Hüseynov realizmin bədii prinsiplərinin yeni-yeni ifadə imkanlarını üzə çıxarmaqla, onu cəlbedici və yaddaqalan əsərlərlə zənginləşdirib. Rəssamın “Pambıqçılar”, “Batabat”, “Çuxuryurd”, “Minanın portreti”, “Yağışdan sonra”, “Xəzər”, “Günorta”, “Sahildə”, “Meşə. Kənd mənzərəsi”, “Buxarest”, “Venesiya”, “Arpaçay mənzərəsi” və s. əsərləri onun sənət duyumunun miqyasını göstərən nümunələrdir. O, əsərlərində gerçəkliyin uğurlu bədii və rəngkarlıq çözümünü verə bilib. Müəllif təkcə təsvir etməyib, həm də tamaşaçını düşündürməyi bacarıb. Yaradıcılığı yüksək qiymətləndirilən Ə.Hüseynov 1980-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

 

Görkəmli rəssam 17 aprel 1998-ci ildə vəfat edib.

 

Azərbaycan Milli İncəsənət Muzeyinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında Əyyub Hüseynovun portret, mənzərə, natürmort məişət janrlarında 55 əsəri saxlanılır. Mədəniyyət Nazirliyinin sifarişi iləDublyajstudiyasında rəssamın həyat yaradıcılıq yoluna həsr edilənAvtoportretsənədli filmi çəkilib. Bundan əlavə,  sənətkarın 90 100 illik yubileyləri qeyd olunub, fərdi sərgiləri keçirilib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.7.