Pərdələri açılan teatrlar da var...
Aylardı həyatımızın bütün
sahələrinə “əl
gəzdirən” COVİD-19 və
onun yaratdığı
pandemiya mədəniyyət
sahəsinə də təsirsiz ötüşmədi,
teatr-konsert müəssisələrinin
qapılarını tamaşaçı
üzünə bağladı. Nəhayət, pandemiyanın 6-cı ayından
sonra ayrı-ayrı ölkələrdə vəziyyətdən
çıxış yolu
tapmaq üçün
addımlar atılır.
Dünyanın bir sıra məşhur
teatrları, o cümlədən
qonşu Rusiyanın yaradıcı heyətləri
teatrla tamaşaçının
ünsiyyətini epidemioloji
vəziyyətə uyğun
qurmağa çalışırlar. Artıq Rusiyanın
bir sıra teatrları yeni mövsümləri ilə
bağlı açılış
xəbərlərini paylaşır,
repertuar planları, məşq proseslərini təqdim edirlər.
Elə götürək Y.S.Demmeni
adına Sankt-Peterburq Marionet Teatrını. Balacalarla yanaşı böyüklərin
də sevərək getdikləri bu teatrın zalında hər real tamaşaçının
sağ və solunda yumşaq oyuncaqlar “əyləşəcək”.
102-ci mövsümünü 18 sentyabrda açacaq teatrın kollektivi tamaşaçılar qarşısına
Lilian Muurun “Kiçik yenot” nağılı ilə çıxacaq. Baş rejissor Eduard Qaydayın
quruluş verdiyi tamaşa uşaqlara və valideynlərə ünvanlanıb.
Mövsümün ilk premyerası isə “Nevski prospektinin nağılı” tamaşası
olacaq. İlin sonunadək daha
iki tamaşa təqdim edəcək teatrda tamaşaçıların
təhlükəsizliyi ilə
bağlı da xeyli kreativ addımlar
atılır. Belə ki,
repertuardan çıxan
tamaşaların kuklaları
və digər rekvizitləri tamaşaçılarının
yan oturacaqlarında yerləşdiriləcək. Beləcə, həm ara məsafəsi
təmin olunacaq, həm də tamaşaçıların teatr
haqqında təəssüratları
bir az da
zənginləşmiş olacaq.
Ümumiyyətlə, Sankt-Peterburqun teatrlarında və konsert komplekslərində yeni mövsümdə pandemiya
ilə bağlı tamaşaçı sayı
yarı-yarıya endirilib. Məsələn, 4000 yerlik zalda 2000-dən çox tamaşaçı
yerləşə bilməz.
Bundan başqa, teatrın giriş qapılarında tamaşaçıların hərarəti
ölçülür və
zalda yerləşdirmə
hissə-hissə həyata
keçirilir.
Tamaşaçılardan fərqli olaraq yaradıcı heyətlər
qarşısında qoyulan
tələblər daha
kəskindir. Məsələn, əsasən böyük
heyətli, xüsusən
balet və orkestr, eləcə də xorun iştirak
etdiyi tamaşaların
məşqi və nümayişi hələlik
təxirə salınıb.
Məşq prosesi də şəffaf maska və məsafəyə riayət etməklə reallaşdırılır.
Hər saatbaşı
açıq havada yarımsaatlıq fasilələr
verilir, qrim və səhnə geyimləri hər istifadədən sonra müvafiq məhlulla dezinfeksiya olunur. Bundan başqa,
iri dekorasiyalı səhnələr mümkün
qədər azaldılmaqla,
demək olar ki, boş səhnələrdə
aktyor oyunu tələbi önə çəkilib.
Rusiyanın məşhur sənət ocaqlarından olan S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrı (Moskva) da 90-cı mövsümünü sentyabrın 20-də açacaq. Yaradıcı heyət uzun sürən canlı ünsiyyət sükutunu maraqlı tamaşa ilə pozacaq. Yubiley mövsümünün açılış günü “Betlehəm yolundakı ulduz” adlı tamaşa təqdim ediləcək.
Hər kəsə məlum hekayəni – İsanın doğuluşunu və əbədiyyət yolçuluğunu ənənəvi formadan uzaq, müasir uşaqlara təəccüblü gələ biləcək ekzotik həll ilə təqdim edəcək yığcam tamaşa (ikinəfərlik oyun) məhz koronavirus pandemiyası zamanı, karantin qaydalarına uyğun olaraq hazırlanıb. Səhnə içində qurulacaq kiçik səhnədə kölgə oyunu vasitəsilə onlarla kukla və köməkçi səhnə elementlərinin hərəkətə gətirilməsi nəzərdə tutulur.
H.NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.3.