Regional mədəniyyət idarələrindən
xəbərlər
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 avqust 2020-ci il tarixli qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa edilib.
Bu günlərdə Sabirabad rayon Heydər Əliyev Mərkəzi də qapılarını vətəndaşların üzünə açıb. Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara riayət olunaraq mərkəzdə məktəblilərin ekskursiyası təşkil olunub. Mərkəzin fondunun baş mühafizi Səlmi Mehdiyeva məktəblilərə ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin “Könüllülər ili” çərçivəsində 20 iyul tarixində elan etdiyi “Oxuyuram” adlı uşaq və yeniyetmələr arasında kitab oxuma müsabiqəsi sona çatıb. Uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilən müsabiqədə ümumilikdə 86 məktəbli iştirak edib.
“Zoom” proqramı vasitəsilə onlayn formatda baş tutan final mərhələsində münsiflər heyətinin qərarına əsasən, Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin 7-ci sinif şagirdi Qorxmaz Əkbərov 1-ci, Bakı şəhər Eldar Məmmədov adına 21 saylı məktəbin 7-ci sinif şagirdi İbrahim Qasımov 2-ci, Bərdə rayon Qaradırnaq kənd məktəbin 8-ci sinif şagirdi Leyla Elmidarlı 3-cü yerə layiq görülüb.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümünə həsr edilmiş videokonfrans keçirib. İdarə rəisi Vüqar Qədirov çıxışında 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordu birləşmələri Bakını işğaldan azad edərək tariximizə şanlı səhifə yazıblar.
Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Vətənpərvərlik mənəvi dəyərimizdir” mövzusunda videokonfrans keçirilib. Mərkəzin direktoru Humay Aslanova bildirib ki, milli-mənəvi dəyərlərimizin yaşadılması, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası hər bir soydaşımızın üzərinə düşən vəzifədir.
Qazax Dövlət Rəsm Qalereyası Tarix-Diyarşunaslıq Muzeyi ilə birgə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı onlayn görüş keçirib. Qalereyanın direktoru Münəvvər Xəlilova və Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova görkəmli ədibin yaradıcılığının məziyyətlərindən söz açıblar.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi kitabxanasının əməkdaşları “15 sentyabr Bakının işğaldan azad olunduğu gündür” mövzusunda videokonfrans keçiriblər. Konfransda kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova mövzu ilə bağlı çıxış ediblər.
Samux rayon Mədəniyyət Mərkəzində dərnək üzvləri ilə görüş keçirilib. Bədii qiraət dərnəyinin rəhbəri Afərim Verdiyeva uşaqlara metodiki tövsiyələrini verib, yeni dərs ilində onlara uğurlar arzulayıb. O, dərnək üzvlərini yeni dərs ilinin proqramı ilə də tanış edib.
Samux rayon MKS-nin Uşaq şöbəsi kollektivinin təşəbbüsü ilə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi-pedaqoq Abdulla Şaiqin (1881-1959) yaradıcılığına həsr olunmuş onlayn tədbir keçirilib. Uşaq şöbəsinin müdiri Venera Məmmədova A.Şaiqin örnək ömür yolu və fəaliyyəti haqqında geniş məlumat verib. Sonda şair-drmaturqa həsr olunmuş videoçarx nümayiş etdirilib.
***
İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Milli Musiqi Gününə həsr olunmuş videokonfrans təşkil edilib. Çıxışlarda professional musiqimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salınıb.
Qəbələ, Qazax, Beyləqan və Şəmkir rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 26-cı ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından neft hasilatına dair “Əsrin müqaviləsi”nin bağlanması müstəqil Azərbaycanın iqtisadi həyatında dönüş nöqtəsinə çevrilib.
***
Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Yemişənli kənd kitabxana filialında kənd klubu ilə birgə Bilik Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Kitabxananın müdiri R.Tahirovanın əlamətdar günlə bağlı məruzəsi dinlənildikdən sonra balaca oxucular Aynişan Novruzova “Müəllim”, Səbinə Mirzəyeva “Bayraq”, Rəvan Dadaşov “Kitab” şeirini söyləyiblər.
Balakən rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Balakən nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclərin inkişafında təhsilin rolu” mövzusunda onlayn tədbir keçirilib. Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, GİKM Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev və fəal gənclər çıxış ediblər.
Zaqatala, Şabran və Biləsuvar rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülh aylığı” (21 avqust – 21 sentyabr) çərçivəsində “Bəşəriyyətin ali dəyəri – sülh” adlı tədbir keçirilib. Qeyd olunub ki, BMT-nin qərarına əsasən, 1981-ci ildən 21 sentyabr dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsində uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri ilə videokonfrans formatında növbəti iclas keçirilib. İdarənin rəisi Rza Quluyev 2020/2021-ci tədris ilinin başlanması münasibətilə regionu əhatə edən uşaq musiqi və incəsənət məktəblərinin direktorlarına işlərin Mədəniyyət Nazirliyinin müvafiq əmrinə müvafiq olaraq qurulması barədə tapşırıqlar verib. O həmçinin tədrisin keyfiyyətinin günün tələblərinə uyğun aparılmasının vacibliyini vurğulayıb.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdam rayon MKS-nin 13 saylı Həsənxanlı kənd kitabxanası Bilik Günü münasibətilə “Kitabı sevin” başlığı altında “açıq kitabxana” keçirib. Xidmət zamanı sanitar-gigiyenik qaydalara əməl olunub.
***
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Zərdab və Göyçay rayon MKS-nin birgə təşkilatçılığı ilə “15 sentyabr – tarixi zəfər günü” adlı videokonfrans keçirilib. Ağdaş MKS-nin direktoru Seyfəddin Feyzullayev, 3 saylı şəhər kitabxanasının müdiri Ofeliya Qədirova, Ucar rayon MKS-nin direktoru Bəsirə Abbasova və Uşaq şöbəsinin əməkdaşı İlhamə Bayramovanın mövzu ilə bağlı çıxışları dinlənilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzi və Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Bilik Gününə həsr edilmiş “Ulu öndərimizin siyasəti, dəyişilməz kursu Azərbaycana uğurlar gətirir” mövzusunda videokonfrans keçirilib. Çıxışlarda ölkəmizdə təhsilin inkişafına diqqət və qayğıdan söz açılıb, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində istifadəyə verilən təhsil ocaqlarından bəhs olunub.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 18
sentyabr.- S.4.