Onlayn fotoplakat sərgisi davam edir

 

Mədəniyyət Nazirliyi Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 15-də “Öncə Vətəndiradlı onlayn fotoplakat sərgisi açılıb.

 

Layihə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliğinə töhfə vermək, ordumuzun Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın, işğal altındakı digər torpaqlarımızın erməni qəsbkarlarından azad edə biləcək, sərhəd bölgələrimizi düşməndən qoruyacaq gücə malik olduğunu bədii təsvir vasitəsilə nümayiş etdirmək məqsədi daşıyır.

 

Sərginin ekspozisiyasında Müdafiə Nazirliyinin arxivindən artilleriya silahları və döyüş sursatlarının fotoları, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillər, rəssam Zaur Kantemirov və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlar yer alıb.

 

Onlayn sərgidə ümumilikdə 90 plakat nümayiş etdirilir. “Düşmən məhv ediləcək”, “Hər şey Vətən üçün”, “Ordum varsa, yurdum var”, “Dəmir iradə”, “Vətən əmin əllərdə” və s. adlarla təqdim olunan plakatların hər biri igid oğullarımızın qəhrəmanlığını və ordumuzun  gücünü təsvir edir.

 

Onlayn plakat sərgisi hər zaman sülhün tərəfdarı olan Azərbaycanın əzəli və tarixi ərazilərini, o cümlədən Dağlıq Qarabağı siyasi, diplomatik vasitə ilə, lazım gəldikdə isə hərbi yolla da qorumağa hazır olduğunu bir daha nümayiş etdirir.

 

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “İnstagram”) hesabları vasitəsilə izləmək mümkündür.

 

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.5.