Virtuoz skripkaçı beynəlxalq
müsabiqənin yarımfinalında
Gənc virtuoz skripkaçı, Əməkdar artist Elvin Xoca Qəniyev Corc Enesku adına beynəlxalq müsabiqənin yarımfinalına vəsiqə qazanıb.
Müsabiqənin bu mərhələsində həmvətənimizlə birlikdə Cennaro Kardaropoli (İtaliya), Civon Kim (Cənubi Koreya), Tassilo Probst (Almaniya), Tomotaka Seki (Yaponiya), Valentin Serban (Rumıniya), Ayaka Usio (Yaponiya), Cavon Ui (Cənubi Koreya) iştirak edəcəklər.
Bu il müsabiqə
yeni formatda keçirilir. İlk iki tur onlayn
formatda avqustun 20-dən
başlayaraq bir ay ərzində keçirilir,
violonçel, skripka,
fortepiano kateqoriyaları üzrə
yarımfinal və finallar isə gələn il
mayın 13-21-də Buxarestin
“Rumın ateneum” konsert zalında baş tutacaq.
Xatırladaq ki, 23
yaşlı Elvin Xoca
Qəniyev bir çox
beynəlxalq müsabiqə və festivallarda
uğurla çıxış edib. O, K.Lipinski adına, G.Venyavski adına, P.Çaykovski
adına və D.Oystrax adına
skripkaçıların beynəlxalq müsabiqələrinin
laureatıdır. Virtuoz skripkaçı,
həmçinin Berlində keçirilmiş
II Beynəlxalq musiqi müsabiqəsinin
(2018) qızıl medalına layiq görülüb. Onun
adı Azərbaycanın gənc istedadlarının
“Qızıl kitabı”na daxil edilib.
Mədəniyyət.- 2020.- 18
sentyabr.- S.5.