BMT multikulturalizm və beynəlxalq əməkdaşlıq müstəvisi kimi güclənməlidir

 

Təşkilatda çoxtərəfli qərar qəbul olunması prosesini canlandırmaq üçün islahatlar aparılmalıdır

 

Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır.

 

Prezident İlham Əliyev bu sözləri sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş xüsusi iclasında videoformatda çıxışı zamanı söyləyib.

 

Ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısının videoformatda qatıldığı iclasda İlham Əliyev çıxışını iki hissədə – Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi edib.

 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxışında bildirib ki, Azərbaycan Respublikası 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında sədrliyi öz üzərinə götürüb.

 

Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər. BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir.

 

Qoşulmama Hərəkatı təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir”, – deyə İlham Əliyev vurğulayıb.

 

Azərbaycan Prezidenti qeyd edib ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.

 

BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir”.

 

Dövlət başçısı bildirib ki, bu gün davam edən COVİD-19 pandemiyası multilateralizmin (hər bir ölkəyə bütün tərəfdaşlarla münasibətlərdə imtiyaz imkanı verən beynəlxalq iqtisadi əlaqələr sistemired.) əhəmiyyətini bir daha nümayiş etdirir. Belə bir vəziyyətdə Qoşulmama Hərəkatı BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadiqliyini bir daha qeyd edir.

 

Prezident diqqətə çatdırıb ki, bu il Qoşulmama Hərəkatının təməl prinsiplərini əks etdirən Bandunq Bəyannaməsinin 65 ili tamam olur. Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri “soyuq müharibə” dönəmində istiqamətləndirib. Soyuq müharibə”dən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq Prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülhinkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir: “Hər iki ildönümü bizə BMT Nizamnaməsində və Bandunq Bəyannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və meydana çıxmaqda davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaq”.

 

Daha sonra Azərbaycan dövləti adından çıxış edən Prezident İlham Əliyev respublikamızın təqribən 30 illik müstəqilliyi dövründə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olduğunu vurğulayıb.

 

Prezident qeyd edib ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər:Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

 

Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixidini abidələri məhv edib”.

 

Prezident çıxışında bildirib ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Dövlət başçısı iyul ayında sərhədin Tovuz rayonu istiqamətində baş verən olayları da diqqətə çatdırıb. Vurğulayıb ki, Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Erməni baş nazirinQarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür: “Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

 

Dövlət başçısı onu da qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir.

 

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasındaAzərbaycanofobiyasiyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar hücum xarakterli hərbi doktrina milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist Azərbaycanofobfikirlər əks olunub.

 

Təcavüzkar ritorika təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”, – deyə İlham Əliyev bildirib.

 

Prezident vurğulayıb ki, Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurub. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib hazırda 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.

 

Diqqətə çatdırılıb ki, 2020-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının COVİD-19-a qarşı onlayn formatda Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə üzrə dövlət hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib. BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılıb. Azərbaycan pandemiya ilə bağlı Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində ianə ayırıb, həmçinin 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərib.

 

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə töhfələrindən danışan İlham Əliyev qeyd edib ki, “Bakı Prosesiplatformasında iki ildən bir Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forum BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olub.

 

“Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır”, – deyə Azərbaycan Prezidenti çıxışının sonunda vurğulayıb.

 

***

 

Qeyd edək ki, sentyabrın 22-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində illik ümumi müzakirələr başlayıb. Bu il pandemiya ilə bağlı dövlət və hökumət başçılarına çıxışlarının videoyazılarını göndərmək təklif olunub. Həmin çıxışlar sessiyada birbaşa efirdə yayımlanacaq. İllik ümumi müzakirələrdə ölkələr adından çıxışlar 22-26 sentyabr və 29 sentyabr tarixlərində nəzərdə tutulub.

 

BMT-nin mənzil-qərargahında isə sessiya pandemiya ilə bağlı zəruri tələblər və sosial məsafə nəzərə alınmaqla keçirilir.  Zalda hər üzv ölkədən yalnız bir təmsilçi əyləşib.

 

Sessiyanın açılışına həsr olunmuş mətbuat konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Qutereş bildirib ki, 75 il əvvəl təşkilat yarananda olduğu kimi, bu gündünya yolayrıcındadır. COVİD-19-dan ölənlərin sayı 1 milyona çatıb, infeksiya nəzarətsiz şəkildə yayılmaqda davam edir.

 

“İrəlidə hələ çox çətinliklər var, amma beynəlxalq birlik səylərini birləşdirməklə nəinki böhranı dəf edə, həmçinin əvvəlkindən daha güclü ola bilər”, –  deyə o əlavə edib.

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.1;2.