“Güllələnmiş heykəllər”
ziyarət olunub
Bir vaxtlar Şuşa şəhərində ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri artıq neçə illərdir Bakıda, Milli İncəsənət Muzeyinin həyətində xüsusi ayrılmış məkanda qərar tutub. Bu büstlər üzərindəki güllə izləri isə erməni vandalizminin tarixə acı görk olan nümunəsidir.
18 sentyabr – Milli Musiqi Günü münasibətilə Milli İncəsənət Muzeyinin həyətindəki “Güllələnmiş heykəllər” də ziyarət olundu. Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Anar Kərimov çıxış edərək bildirdi ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının, o cümlədən musiqi beşiyi sayılan Şuşanın işğalı nəticəsində tarixi abidələrimiz də dağıdılıb, ev-muzeyləri qarət edilib. Bu heykəllər də Ermənistanın vandalizminə məruz qalıb, işğaldan sonra satılmaq üçün Gürcüstana aparılıb. Azərbaycan hökumətinin səyləri nəticəsində həmin heykəllər 1993-cü ildə ölkəmizə qaytarılıb. Abidələrə baxarkən onların üzlərindəki güllə izlərini aydın görmək mümkündür. Buna görə bu heykəlləri “Güllələnmiş heykəllər” adlandırırıq. Bu heykəllərin üzərindəki güllə izləri bir daha ermənilərin barbar, vəhşi xislətinin sübutudur”.
Anar Kərimov çıxışının sonunda bu heykəllərin tez bir zamanda əvvəlki yerlərinə – Şuşaya qaytarılacağına və bu dahi şəxsiyyətlərin ev-muzeylərinin bərpa olunacağına inamını ifadə etdi.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.3.