Mədəniyyət Nazirliyi
yanında İctimai Şuranın seçki komissiyası yaradılıb
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb.
Əmr “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin icrasını, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə imzalanıb.
Qeyd olunur ki, İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək. Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Komissiya tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin və
seçici qismində
çıxış edəcək vətəndaş cəmiyyəti
institutlarının qeydiyyatı 20 oktyabr
2020-ci il tarixinədək davam
edəcək. Şuraya üzvlüyə
namizəd şəxslərə və seçki
prosesində seçici kimi
iştirak etmək istəyən vətəndaş
cəmiyyəti institutlarının təmsilçilərinə
dair tələblərlə nazirliyin rəsmi internet
saytının “Elanlar” bölməsində
müvafiq link vasitəsilə
tanış olmaq olar.
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.2.