İncəsənət təhsilinə və
mədəni inkişafa qayğı
Bülbülə qəsəbəsində
Uşaq incəsənət məktəbinin
yeni binası istifadəyə verilib
Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq musiqi məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq incəsənət məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.
Bildirilib ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq incəsənət məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
İndiyədək məktəbin 30-dan çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin bir sıra tanınmış məzunları da var.
Bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında da iştirak edib. Binanın inşası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.1.