Oqtay Kazıminin adını daşıyan məktəbdə xatirə lövhəsinin açılışı olub

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 avqust tarixli sərəncamına əsasən, Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bəstəkarın doğulub boya-başa çatdığı Astara şəhərindəki Uşaq musiqi məktəbinə onun adı verilib.

 

Sentyabrın 18-də bu münasibətlə məktəbdə tədbir keçirilib.

 

Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdən əvvəl musiqi məktəbinin giriş hissəsində Xalq artisti, bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub.

 

Tədbir musiqi məktəbinin akt zalında davam etdirilib.

 

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova tədbirin Azərbaycan mədəniyyəti üçün əlamətdar bir tarixdə – Milli Musiqi Günündə keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Astara Uşaq musiqi məktəbinə və Astara şəhərinin küçələrindən birinə Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazıminin adı verilib.

 

Tədbirdə musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovanın Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi ilə əlaqədar məruzəsi dinlənilib.

 

Oqtay Kazıminin gəlini Gülçin Kazımi, qardaşı qızı Elza Kazımova çıxış edərək, onun mahnılarının əbədiyaşar musiqi olaraq daim yaşayacağını bildiriblər.

 

Musiqi məktəbinin direktoru Çingiz Eyvazov çıxışında kollektivin üzərinə daha böyük məsuliyyətin düşdüyünü, bundan sonra respublika səviyyəli və beynəlxalq müsabiqələrdə Oqtay Kazıminin adına layiq fəaliyyət göstərəcəklərini söyləyib.

 

Bəstəkarın oğlu Elçin Kazımi atasının xatirəsinin əbədiləşdirilməsinə və tədbirin təşkilinə görə minnətdarlığını bildirib. O, atasının mahnılarından ibarət diskləri və onun haqqında yazılmış kitabları musiqi məktəbinə hədiyyə edib.

 

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.5.