Azərbaycan və Özbəkistan musiqi alətləri
ifaçılarının müsabiqəsi başa
çatıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin və hər iki ölkə konservatoriyalarının dəstəyi ilə keçirilən xalq simli musiqi alətləri ifaçılarının onlayn müsabiqəsi başa çatıb.
Sentyabrın 18-də təşkil olunan onlayn mərasimdə AMM-in direktoru Samir Abbasov iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı haqqında danışıb. Vurğulayıb ki, bu cür müsabiqələr iki ölkə arasında mədəni əlaqələri genişləndirməklə yanaşı, yeni istedadların üzə çıxarılması, milli musiqimizin, musiqi alətlərinin təbliği üçün imkan yaradır.
Azərbaycanın böyük musiqiçilərinin yaşadığı Şuşa şəhərinin, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu deyən S.Abbasov işğal nəticəsində ölkəmizin mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan barədə söz açıb.
AMM-in direktoru dövlət səviyyəsində milli musiqimizin, musiqi alətlərimizin təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr barədə də danışıb.
Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Siyavuş Kərimi qalibləri təbrik edib, belə maraqlı müsabiqəni keçirdiyinə görə AMM-ə minnətdarlığını bildirib. Qeyd edib ki, müsabiqəyə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olduğu gündə, milli musiqi bayramında yekun vurulması xüsusilə əlamətdardır.
Özbəkistan Dövlət Konservatoriyasının professoru, “Soqdiana” xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Firuzə Əbdürrəhimova Azərbaycanla mədəni əlaqələrin inkişafı barədə danışıb, AMM-in dəstəyi ilə Özbəkistanda musiqi sahəsi üzrə ali məktəblərdə Azərbaycan bəstəkarlarının əsərlərinin tədris olunduğunu diqqətə çatdırıb, musiqi kollektivlərinin də bu əsərləri sevə-sevə ifa etdiklərini bildirib. O, belə tədbirlərin əhəmiyyətini qeyd edib, tədbir çərçivəsində AMK ilə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu, gələcəkdə Bakıya səfər edəcəklərini bildirib.
Sonra Azərbaycan və Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının onlayn müsabiqəsi qaliblərinin adları elan edilib.
Tar-kaşkar rübabı nominasiyası üzrə Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Dilşod Fozilov birinci, AMK-nın III kurs tələbəsi Hüseyn Quliyev ikinci, AMK-nın məzunu Nurlan Cəbizadə və Özbəkistanın İxtisaslaşdırılmış musiqi-incəsənət məktəbinin 11-ci sinif şagirdi İcod Nazarov üçüncü yerə layiq görülüblər.
Kamança-gicak nominasiyası üzrə AMK-nın gənc müəllimi Mədinə Şahgəldiyevaya birinci, “Soqdiana”nın solisti Sancar Qodirova ikinci, AMK-nın gənc müəllimi Könül Vəliyevaya üçüncü mükafat verilib.
Ud-qanun nominasiyası üzrə AMK-nın yetirməsi Bayram Üzeyirov birinci, həmin ali məktəbin III kurs tələbəsi Behnam Məhəmmədəlizadə ikinci, Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Oqabək Akramov üçüncü olub.
Qaliblər AMM-in fəxri diplomları və pul mükafatları ilə təltif edilib. Sonda müsabiqə qaliblərinin iştirakı ilə iki ölkənin milli musiqilərindən ibarət onlayn konsert proqramı təqdim edilib.
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.8.