Azərbaycan xalçaları XIX əsr rəssamlarının əsərlərində

 

Orta əsrlərdən bəri Azərbaycan xalçalarının Avropa ölkələrində tanındığı və xarici tacirlər tərəfindən çox bəyənildiyi məlumdur. Bu dövrlərdə Avropa ölkələrinə ixrac olunan xalçalarımız haqqında heyranlıq doğuran məlumata tarixçilərin, səyyahların əlyazmalarında rast gəlmək olar.

 

Məşhur Avropa rəssamları da öz əsərlərində xalçalarımızın təsvirlərinə yer vermişlər. Buna misal olaraq, Hans MemlinqinMadonna körpəsi ilə”, “Dolça və güllərlə natürmort” (XV əsr), Yan van EykinKeşiş van der Paele madonnası” (XV əsr), Hans Holbeynin “Elçilər” (XVI əsr), Antonello de Messinanın “Müqəddəs Sebastian” (XV əsr) və s. əsərləri göstərmək olar. Bu əsərlərdə Qarabağ, Quba, Gəncə və Qazax xalçaçılıq məktəbində toxunan əsrarəngiz xalçaların təsvirinə rast gəlirik. Bu xalçaların rəsm əsərlərində təsvir edilməsi həmin əsərlərin daha da baxımlı olmasında və şöhrət qazanmasında mühüm rol oynamışdır.

 

Xalçalarımızın təsvirinə XIX əsr Avropa rəssamlarının əsərlərində də rast gəlmək mümkündür. Məhz bu dövrdə Azərbaycan xalçaları daha çox şöhrət qazanmağa başlamışdır.

 

XIX əsrdə xalçalarımızın daha çox ixrac olunduğu ölkələrdən biri Rusiya olmuşdur. Ona görə də Azərbaycan xalçalarının bu dövr rus rəssamlarının əsərlərində təsvirinə rast gəlmək təbiidir. Onlardan ilk olaraq İlya Repinin adını çəkmək olar. Tarixi janrın böyük ustası olan İlya Repininİvan Qroznı və onun oğlu İvan – 16 noyabr 1581-ci ildə” əsərini buna misal göstərmək olar. Əsərin süjetinin gerçək hadisədən götürüldüyü güman edilsə də, bu hadisənin dəqiq baş verib-vermədiyi məlum deyil. Deyilənə görə, rus çarı İvan Qroznı oğluna qəzəblənərək əlindəki əsa ilə onun gicgahına zərbə endirir. Zərbənin təsirindən şahzadə yerindəcə dünyasını dəyişir.

 

Repinin 1883-1885-ci illərdə çəkilmiş bu əsərində İvan Qroznının qolları arasında şahzadənin cansız bədənini tutduğu an təsvir olunmuşdur. Əsərdə ataoğulun ayaqları altında Qazax xalçasının təsviri verilmişdir.

 

Digər məşhur rus rəssamı Nikolay Nikolayeviç Gel Pyotr şahzadə Aleksey Petroviçi Peterqofda dindirir” əsərində (1871) Təbriz xalçasını təsvir etmişdir. İlya Repinin əsərindəki xalçadan fərqli olaraq, bu xalça döşəmədə deyil, masa üzərində təsvir olunmuşdur ki, bu da ataoğul arasında bir sərhəd rolunu oynayır. Xalçadakı rəng həlli, simvolik elementlər əsərin mövzusunun əsas qayəsini ortaya çıxarır. Xalça töküləcək oğul qanının simvoludur. İlya Repin məhz bu əsərdən təsirlənərək öz məşhur tablosunu yaratmışdır.

 

Bu dövrdə Avropa ölkələrinin rəssamları da rəsm əsərlərində Azərbaycan xalçalarının təsvirini verirdilər. İtalyan rəssamı Culyo Rosatinin iki əsəri buna bariz nümunədir. “Xalça taciriadlanan bu iki əsərdə də Qazax xalçası təsvir edilmişdir. Əsərlərdən birində xalça taciri əlindəki xalçanı xanım müştərisinə göstərdiyi an təsvir olunmuşdur. Həmin xalça Qazax xalçaçılıq məktəbinin “Qaraqoyunlu” kompozisiyasıdır. Sarı yerlikli xalça öz simvolik elementləri ilə tamaşaçıların diqqətini  cəlb edir. Xalçanın ara sahəsində “Qaraqoyunlu” xalçaları üçün xarakterik olan böyük medalyonlar şaquli formada yerləşdirilmişdir. Həmin medalyonların sağsol tərəflərində isə kiçikölçülü qarmaqlı elementlər və xalçanın enli ara haşiyəsində isə “məşəl” adlanan elementlər təsvir olunmuşdur. Çox gözəl rəng həllinə malik olan xalçanın haşiyə zolaqları ilə ara sahənin rəngləri bir-biri ilə uyğunluq təşkil edir.

 

Rəssamın digər əsərində Qazax xalçası üzərində bardaş quraraq oturmuş tacirin başqa biri ilə söhbət etdiyi an əks olunmuşdur.

 

Digər məşhur nümunə ingilis rəssam Çarlz RobertsonunXalça satıcısı” əsəridir. Əsərin mərkəzi kompozisiyasında çiynindəki xalçaya müştəri axtaran tacirin təsviri verilmişdir. Rəsmdəki xalça bu dövrlərdə ölkəmizdə və Avropada üzərindəki elementləri ilə şöhrət qazanan Qarabağ vərnisidir. Qırmızı yerlikli xovsuz xalçanın üzərində “S” formalı elementlər verilmişdir ki, bir çox tədqiqatçılar bu elementlərin mifoloji obraz olan, suyun və havanın hamisi hesab edilən Əjdahanın təsviri olduğunu qeyd edirlər.

 

XIX əsrə aid bu cür bir çox rəsm əsərlərini də qeyd etmək olar ki, bu da həmin dövrdə Azərbaycan xalçalarının xaricdə geniş şöhrət qazandığını və bu xalçaların əcnəbi alıcılarının çox olduğunu sübut edir. Təəssüflər olsun ki, illər keçdikcə bu əsərləri araşdıran bəzi tədqiqatçılar, sənətşünaslar həmin təsvirlərə laqeydliklə yanaşır, bu xalçaların konkret olaraq hansı xalqa məxsus olduğunu qeyd etmirlər, onları Şərq xalçası, ya da Qafqaz xalçası kimi qələmə verirlər. Hətta bəzi tədqiqatlarda bu xalçalar İran, Ermənistan xalçası kimi qeyd edilir. Lakin xalçalardakı ornamentlər onların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Sadəcə, xarici tədqiqatçılar bu cür nüanslara ötəri yanaşdıqları üçün belə problemlər ortaya çıxır. Buna yol verməmək üçün xalq sənətimizə sahib çıxmalı, mədəni sərvətlərimizi qorumalıyıq.

 

Laçın ASLANOV

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.7.