Mədəniyyət siyasəti və təmayülləri
üzrə onlayn görüş
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsində 1999-cu ildən fəal iştirak edir. Layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunub.
Beynəlxalq layihənin nəticələri “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda nəzərə alınıb, nazirlik tərəfindən həyata keçirilmiş “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması”, “Xalq yaradıcılığı paytaxtları”, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” kimi innovativ proqram və layihələrin hazırlanmasında istifadə olunub.
Məsələ ilə əlaqədar 24 sentyabr tarixində “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü təşkil olunub. Görüşdə Assosiasiyanın 2021-2023-cü illər üçün İş planı müzakirə edilib, İdarə heyətinin yeni üzvləri təqdim olunub və seçilib, Avropa və milli mədəniyyət siyasətləri müzakirə edilib.
Milli ekspert olaraq görüşə qatılan nazirliyin sektor müdiri Yaşar Hüseynli müzakirələr zamanı hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aparılan islahatlardan danışaraq, daxili və xarici mədəniyyət siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin müasir dövrün tələblərinə uyğun olaraq müəyyən olunmasını qeyd edib.
Kompendium layihəsinin beynəlxalq nüfuzunu
və çoxsaylı izləyicilərinin mövcudluğunu,
mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən
bəhrələnmək və Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmaq imkanlarını nəzərə alaraq, Mədəniyyət nazirinin
birinci müavini, Mədəniyyət
nazirinin vəzifələrini müvəqqəti
icra edən Anar Kərimovun
tapşırığına əsasən, Kompendium
Assosiasiyası ilə daha sıx əlaqələrin
qurulması imkanları araşdırılır.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.1;2.