Bakı, Gəncə və Qəbələ
UNESCO-nun “Öyrənən Şəhərlər”
şəbəkəsində
Azərbaycan Respublikasının üç şəhəri – Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə (UNESCO Global Network of Learning Cities) üzv seçilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Sentyabrın 23-də UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan yeni üzvlər sırasında ilk dəfə Azərbaycan şəhərləri yer alıb. Bu il ümumilikdə 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə sentyabrın 23-də Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı videogörüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.
Məlumatda qeyd olunur ki, şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Daimi katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. Şəbəkənin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir.
Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən UNESCO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir. Yeni üzvlərin adları Hamburq şəhərindən videogörüş vasitəsilə elan olunub.
Şəbəkəyə üzv
şəhərlərin sayına görə Koreya
Respublikası liderdir. UNESCO-nun saytının
müvafiq bölümündə
(Members of the UNESCO Global Network of Learning Cities) yer
alan siyahıda
(23 sentyabradək olan məlumat) bu ölkənin 47 şəhəri
var. Növbəti yerlərdə
Portuqaliya (11 şəhər),
Çin (9), Yunanıstan
(8), Britaniya (6), Meksika
(6) və s. ölkələr
var. Türkiyənin də
siyahıda üç
şəhəri (Əskişəhər,
Hatay, Konya) qeyd olunub.
Onu da qeyd edək ki, Azərbaycan UNESCO-nun şəhərlərlə bağlı
daha bir siyahısında, 2004-cü ildən
tərtib edilən Yaradıcı Şəhərlər
Şəbəkəsində (UNESCO Creative
Cities Network) də təmsil
olunur. Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası
üzrə 2017-ci ildən
bu şəbəkənin
üzvüdür. 2019-cu
ildə isə Bakı şəhəri bu siyahıya daxil edilib. Azərbaycan paytaxtı “dizayn” tematikası üzrə
UNESCO-nun Yaradıcı Şəhərlər
Şəbəkəsinə salınıb.
Bu qərar Mədəniyyət
və Xarici İşlər nazirliklərinin
və Azərbaycan Respublikasının UNESCO yanındakı
Daimi Nümayəndəliyinin
səyləri nəticəsində
31 oktyabr – Dünya Şəhərlər Günü
münasibətilə qəbul
olunmuşdu.
Yaradıcı Şəhərlər Şəbəkəsi
öz inkişafını
yaradıcılıq (musiqi,
sənətkarlıq, dizayn,
kino, ədəbiyyat, qastronomiya və s.) üzərində quran şəhərləri bir
araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni
şəhər strategiyasının
davamlı və daha inklüziv inkişafının əsas
faktoru hesab edir.
UNESCO-nun “yaradıcı şəhərləri” mədəniyyəti
inkişaf strategiyalarının əsas
qayəsi kimi götürərək ən
yaxşı təcrübələrini bölüşürlər.
Şəbəkə üzvlərinin yaradıcı
potensialı yeddi tematika
üzrə müəyyən olunur: incəsənət
və sənətkarlıq, xalq sənəti,
dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media
və musiqi. Hazırda bu
şəbəkəyə 246 şəhər daxildir.
Bakının iqtisadi və
mədəni cəhətdən böyük
əhəmiyyətə, zəngin təbii, mədəni və
tarixi irsə malik olduğu, onilliklər boyunca
regionun yaradıcılıq mərkəzi
olması, indi isə dizayn
sahəsində innovativ layihələrin və
startapların mərkəzinə çevrildiyi,
bununla da şəhərin
davamlı inkişafı üçün
geniş potensiala malik olduğu vurğulanan fayl
hazırlanaraq təqdim edilmişdi.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.1;3.