Ədəbiyyat xəzinəmizdə
payı olan sənətkar
Azərbaycan ədəbiyyatında məxsusi yeri olan Naxçıvan ədəbi mühitinin formalaşmasında əməyi keçən müəlliflərdən biri də Müzəffər Nəsirlidir. O, müxtəlif janrlarda dolğun əsərlər yaratmaqla ədəbiyyat xəzinəmizə rəngarəng töhfələr bəxş edib.
Müzəffər Qasım oğlu Nəsirli 14 sentyabr 1911-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Sələsüz kəndində dünyaya göz açıb. İlk təhsilini Naxçıvan şəhərində alıb. Sonra Naxçıvan Pedaqoji Texnikumunda oxuyur. Bir müddət kənd məktəblərində müəllimlik edir, həmçinin indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat fakültəsində qiyabi yolla təhsilini davam etdirir.
Müzəffər Nəsirli erkən çağlardan poeziyaya maraq göstərir. Tələbə ikən yazdığı ilk şeiri 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumunun “İndi” adlı salnaməsində dərc olunur. Naxçıvan gənclər (komsomol) klubunun “Qızıl qələmlər” ədəbi birliyinin üzvü olur. Yerli ədəbi mühitdə tanınan gənc ruh yüksəkliyi ilə yazıb-yaradır. Hekayə və şeirləri “Gənc işçi”, “Yeni yol”, “Dan ulduzu”, “Qızıl şəfəq” və digər qəzet-jurnallarda dərc olunur.
Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin katibi, Xalq şairi Süleyman Rüstəm 1928-ci ildə Naxçıvan şəhərinə gəlir, yerli şair və yazıçılarla görüşür. Gənclər arasında maraqlı yaradıcılığı ilə tanınan Müzəffər Nəsirli Naxçıvan Proletar Yazıçıları Cəmiyyətinə katib seçilir.
Müzəffər Nəsirli 1936-1941-ci illərdə əvvəlcə İrəvan Pedaqoji Texnikumunda müəllim, daha sonra isə İrəvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifələrində də çalışır. II Dünya müharibəsinin iştirakçısı olan şair Berlinə qədər şərəfli döyüş yolu keçib. Cəbhədən qayıtdıqdan sonra pedaqoji fəaliyyət göstərir. Bir müddət Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə də rəhbərlik edir.
Müzəffər Nəsirlinin rəngarəng yaradıcılığı var. “Həyat haqqında mahnı”, “İşıq”, “And”, “Qafqaz yollarında”, “Mənim respublikam”, “Araz sahilində”, “Laləli dağlar”, “Yanar üfüqlər”, “İki ürək”, “Qaynar bulaq” adlı kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Şeirləri ideya-bədii cəhətdən diqqətçəkəndir.
Şair “Mənim Naxçıvanım” şeirində qədim yurdun keçmişindən, şanlı tarixindən poetik dillə söz açır:
Olubdur qoca Şərqin
Əzəl gündən zinəti,
Möminənin türbəsi,
Əcəminin sənəti.
Zər cildli kitabsan,
Qoynun sirlə
doludur.
Sənin
şanlı tarixin
Zəfərlərlə doludur!
Müzəffər Nəsirli qələmini poema janrında da sınayıb. Bu janrda əsərləri əsasən müharibə
mövzusundadır. “Əkbər haqqında ballada” cəsur döyüşçü Əkbər
Ağayevin rəşadətli
döyüş yoluna
həsr edilib. Müəllif “Atam haqqında
ballada” poemasında isə müharibədə
ağır yaralanan bir döyüşçünün
müharibədən sonra
əlillər evində
qalmaq və evinə qayıtmaq istəmədiyini ürəkağrısı
ilə qələmə
alıb.
Onu da qeyd edək ki, şairin bir çox əsərlərinin qəhrəmanı qadındır. Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr etdiyi “Arpaçayın dastanı” və “Bacılar” poemasında qurub-yaradan əmək adamlarının şücaəti tərənnüm edilib.
Müzəffər Nəsirli siyasi lirikası ilə də tanınıb. Professor Yəhya Seyidov onun bu yaradıcılığını belə xarakterizə edib: “Müzəffər Nəsirlinin lirikasında siyasi mövzulara maraq böyükdür. Şair bu qəbildən olan şeirlərinin çoxunda ritorikadan, çılpaq publisistikadan qaçmağa müvəffəq olmuşdur. Onun lirik “məni” konkret bir şəxsiyyət və canlı insandır. O sevir, sevilir, qəzəblənir, kədərlənir, lakin hər şeydən əvvəl düşünən vətəndaşdır. Nəcib insani duyğulardan bəhs edən “Məhəbbət qocalmır”, “İki könül bir olsa”, “Sevgilim”, “Neyləyim” , “Yadıma sən düşürsən” kimi lirik şeirlər də yazmışdır”.
Dramaturgiya sahəsində də yaradıcılıq axtarışları aparan ədibin “Azadlıq günəşi”, “Qanlı qanunlar”, “İntiqam”, “Qönçəbəyim nəğməsi”, “Dürdanə” pyesləri oxucular tərəfindən maraqla qarşılanıb.
Müzəffər Nəsirli 1 yanvar 1980-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.7.