Əfsanəvi partizanın yubileyi münasibətilə onlayn tədbir

 

 

Sentyabrın 18-də İstiqlal Muzeyində İkinci Dünya müharibəsi illərində antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir-sərgi keçirilib.

 

Tədbirə regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları, Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin, Tovuz rayonu Nəsrəddin Tusi adına tam orta məktəbin, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagird  müəllimləri, Daun sindromlu gənclər qatılıb.

 

İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin göstərdikləri qəhrəmanlıq nümunələri barədə məlumat verib.

 

Onlayn tədbirə qoşulan Fransada yaşayan Azərbaycan əsilli yazıçı Şahin Sinaria Əhmədiyyə Cəbrayılova həsr olunmuşBir ömür, iki tale” kitabı üzərində apardığı yaradıcılıq işindən, qəhrəmanın keçdiyi rəşadətli döyüş yolundan danışıb.

 

Onlayn tədbirə Şəkidən qoşulan Cavanşir Cəbrayılov atasının keçdiyi döyüş yolu, həyatı və fəaliyyəti haqqında xatirələrini bölüşüb.

 

Sonra İstiqlal Muzeyinin Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə 7-17 yaşlı məktəblilər arasında keçirdiyi rəsm müsabiqəsinin qalibləri elan olunub. Münsiflər heyətinin rəyi ilə Əli Qasımov birinci, Xumar Eyvazova ikinci, Nihad Məmmədov isə üçüncü yerə layiq görülüb.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.5.