Yüz yaşlı qəhrəman
II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının müstəsna xidmətləri olub. Faşizmin yenilməsində Bakı nefti qədər xalqımızın igid övladları da bu zəfərin şəksiz şərikləridir. Dünya tarixinin ən amansız müharibəsində antifaşist partizan hərəkatına qoşulan Azərbaycan oğulları da, sözün əsl mənasında, qəhrəmanlıq salnaməsi yaradıblar. Bu salnamədə əfsanəvi partizanlar Mehdi Hüseynzadə və Əhmədiyyə Cəbrayılovun adları xüsusilə məşhurdur.
1943-1945-ci illərdə təkcə Fransa antifaşist Müqavimət hərəkatında iki min nəfərə yaxın azərbaycanlı iştirak edib. Onlardan Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və başqaları cəsur partizan kimi tanınıb, Fransanın hərbi orden və medalları ilə təltif ediliblər. Əhmədiyyə Cəbrayılov “Armed Mişel” adı ilə bu ölkənin faşizmə qarşı azadlıq hərəkatında fəal iştirak edərək şəxsi igidliyə görə paradda əsgərə generaldan irəlidə getmək kimi şərəfli hüquq verən hərbi medalla təltif olunub.
Bu il əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 avqust 2020-ci ildə xalqımızın qəhrəman oğlunun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi xarakterizə olunur.
***
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxud kəndində dünyaya göz açıb. 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olub. 1938-ci ildə təhsilini başa vurub Quba, Qusar, Xaçmaz, Dəvəçi (indiki Şabran) rayonlarında ipəkçi işləyib.
1941-ci ilin 22 iyununda alman ordusunun SSRİ üzərinə hücumunu eşidən Əhmədiyyə könüllü olaraq cəbhəyə yola düşür. Rusiyanın Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci diviziyanın 350-ci bombardmançı eskadrilyasına, texniki xidmət sahəsinə təyin edilir. 1942-ci ilin aprelində Donbas şəhərinə göndərilən Əhmədiyyə orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi olur. Baş leytenant rütbəsi alaraq bu polkun tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. 1942-ci ilin mayında idarə etdiyi təyyarə Kursk ətrafında düşmən tərəfindən vurulur. Ağır yaralanan Əhmədiyyə İzyum çayının yaxınlığında əsir düşür.
Qəhrəman döyüşçünün taleyi müxtəlif həbs düşərgələrindən keçir. 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir. Qaçmağa çalışsa da, bu cəhdi baş tutmur və nəticədə Fransanın cənubuna – Tuluza şəhəri yaxınlığındakı Montauban həbs düşərgəsinə yerləşdirilir. Həbsxanada çox ağır şərtlər altında saxlanılan Ə.Cəbrayılov vərəm xəstəliyinə tutulur. Uzun əzablardan sonra düşərgədən qaçmağa nail olur. 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. O, sağaldıqdan sonra faşistlərdən qisas almaq üçün qəti qərarını verir.
Beləliklə, Ə.Cəbrayılovun taleyinin yeni mərhələsi başlanır. Fransa antifaşist Müqavimət hərəkatına qoşulan mübariz döyüşçü fransız dilini də öyrənir. Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, Müqavimət hərəkatının, “Düma” ləqəbli kapitan Delplankın rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Qısa müddətdə onun qəhrəmanlığı Müqavimət hərəkatına səs salır. Əfsanəvi partizan “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edir, misilsiz şücaətlər göstərir.
1944-cü ilin mayında Ə.Cəbrayılov Tarn və Qaronun azad edilməsi uğrunda qanlı döyüşlərə qatılır. Montaubanın azad edilməsi və digər əməliyyatlarda da iştirak edir. 20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə ilə görüşür və o, 28 avqustda Montaubanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.
Ə.Cəbrayılov planlaşdırılan əməliyyatları çox uğurla reallaşdırırdı. O, dəmir yolu xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasının qarşısını alır. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanır və alman zabiti formasında olduğu üçün bir müddət almanların hərbi hospitalında müalicə alır. Sağalandan sonra Albi şəhərinə hərbi komendant təyin olunur. Bir müddət alman zabiti simasında öz silahdaşlarına zəruri məlumatlar ötürür. Fürsət düşən kimi bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. Bunun nəticəsi idi ki, həmin dövrdə azərbaycanlı partizanın başına 10 min alman markası mükafat da qoyulmuşdu. O isə uğurlu əməliyyatlarının sırasını günü-gündən genişləndirirdi. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez Əhmədiyyəyə tapança bağışlamışdı.
***
1945-ci ilin may ayı. Artıq faşist Almaniyası məğlub olub, on milyonlarla insanın həyatını, sağlamlığını itirdiyi II Dünya müharibəsi başa çatıb. Ə.Cəbrayılov da öz missiyasını yüksək səviyyədə yerinə yetirib. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirib, orden və medallara layiq görüb. Hətta gələcəkdə ölkənin prezidenti (1959-1969) olacaq general Şarl de Qoll Fransada ona istənilən şəraitin yaradılacağını söyləyib...
Əfsanəvi partizanın qərarı isə qətidir – Vətənə dönmək zamanıdır. Amma necə? Uğrunda odlar ayaqladığı “böyük vətən” qəhrəman oğlunu necə qəbul edəcək? Nəhayət, 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, “vətən xaini” kimi qəbul olunur və Moskvadakı yoxlamalarda mükafatlarının bir hissəsi əlindən alınır... Yenə də keçmiş dostu köməyinə gəlir. 1966-cı ildə Şarl de Qoll Fransa Prezidenti kimi SSRİ-yə səfər edir. O, səfər müddətində Ə.Cəbrayılovu görmək istədiyini bildirir. Onu tələsik Moskvaya çağırırlar və silahdaşlar iyirmi ildən sonra yenidən görüşürlər. 1968-ci ildə sovet rejimi rəsmən Ə.Cəbrayılovun üzərindən “vətən xaini” adını götürür və qəhrəmana bəraət verilir. Sonralar o, SSRİ-nin bir sıra təltiflərinə layiq görülür.
***
Ə.Cəbrayılov 1970-ci ildə yarımçıq qalmış ali təhsilini başa vurur. Gəncədəki Kənd Təsərrüfatı İnstitutundan məzun olur, doğma Şəkidə kolxozda baş aqronom işləyir. 1972, 1975, 1982-ci illərdə ona vaxtilə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. Dostu Şarl de Qoll artıq dünyasını dəyişmişdi. O, Montauban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir. 1994-cü ilin 6 yanvarında isə əfsanəvi qəhrəmana Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənəd – “Fəxri Legion” ordeni verilir.
II Dünya müharibəsinin od-alovundan keçən, alman əsirliyinin kabusunu yaşayan, el deyimi ilə desək, “dəyirmanın gözündən diri çıxan” Əhmədiyyə Cəbrayılov 1994-cü ilin 10 oktyabrında, 64 yaşında Şəkidə avtomobil qəzası zamanı həlak olub.
Xalqımızın bu ölməz oğlunun döyüş yolu gerçək qəhrəmanlıq örnəyi, vətənsevərlik dərsidir. Ə.Cəbrayılovu ilk örnək alanlardan biri də öz oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov olub. Polis leytenantı olan Mikayıl torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalıb. Hazırda Oxud kənd qəbiristanlığında iki qəhrəman – ata və oğul yanaşı məzarlarda uyuyurlar.
Qeyd edək ki, 2016-cı ildə Fransanın Montauban şəhəri yaxınlığında II Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı olmuş əfsanəvi Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda qusar (yüngül silahlı süvari) polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsi əbədiləşdirilib. Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə burada qəhrəmanlarımızın şərəfinə abidə ucaldılıb.
Xalqımız qəhrəman oğullarının xatirəsini həmişə əziz tutur. Bu günlər ölkəmizin mədəniyyət ocaqlarında Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər təşkil olunur, qəhrəmanın şərəfli ömür yolu bir daha vərəqlənir.
Fariz YUNİSLİ
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.5.