Muzey işçiləri üçün növbəti onlayn seminar

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş onlayn seminarları davam etdirir. Sentyabrın 24-də Lənkəran, Lerik, Astara rayonlarında muzey müəssisələri və Heydər Əliyev mərkəzlərində çalışan əməkdaşlar üçünTarixin yaddaşı unudulmur: faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib.

 

Seminar zamanı müharibədə Azərbaycan xalqının oğul və qızlarının qəhrəmanlığından söhbət açılıb.

 

Vurğulanıb ki, 1945-ci ildə qazanılmış qələbəyə Azərbaycan xalqının töhfəsi üç mühüm istiqamətdə əksini tapıb. Onlardan biri Azərbaycanın Bakı nefti ilə cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Akademik Yusuf Məmmədəliyev öz kəşfi ilə II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təchizatına kömək edib. Müharibə zamanı Azərbaycandan 600 minə yaxın insan cəbhəyə gedib. Azərbaycanlılardan ibarət diviziyalar bir çox şəhərlərin azad olunmasında fəal iştirak edib, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib. Bundan başqa, azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak ediblər.

 

Tədbir zamanı qeyd olunan faktlara aid muzey eksponatları – müxtəlif vaxtlarda mərkəzin bərpaçı-rəssamları tərəfindən bərpa olunmuş nümunələri əks etdirən fotoşəkillərdən ibarət təqdimat nümayiş etdirilib, muzey əşyalarının qorunub saxlanılması ilə bağlı tövsiyələr verilib.

 

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.4.