Türkiyə jurnalının xüsusi nömrəsi Bəxtiyar Vahabzadəyə həsr edilib

 

 

 

Türkiyədə nəşr edilən “Təmrin” dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının, eləcə də bütün türkdilli poeziyanın ustadlarından olan Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib.

Dərginin baş yazarı Hasan Parlakın giriş yazısı ilə açılan jurnalın ilk səhifələrində Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin türkiyəli oxucularasalamlama mətni” də yer alıb.

Nəşrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın (“Bəxtiyarlıq”), millət vəkili Cavanşir Feyziyevin (“Türk dünyasının sönməyən ulduzu”), akademik Nizami Cəfərovun (“Millət şairi Bəxtiyar Vahabzadə”), akademik İsa Həbibbəylinin (“Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”), eləcə də Azər Turan, Cavanşir Yusifli və Elnarə Akimovanın yazıları, habelə şairin öz dilindən danışılan “Həyatım və sənətim” xatiratının parçaları, Şəkidəki ev-muzeyindən kiçik fotoreportaj verilib. Dərgidəki materialları Türkiyə türkcəsinə çevirən yazıçı Ömər Mehmetoğlu “Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə” adlı məqalə də yazıb.

Bəxtiyar Vahabzadəyə həsr edilən xüsusi buraxılışda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Türkiyənin keçmiş dövlət başçısı Süleyman Dəmirəlin, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamları – Rəsul Rza, Çingiz Aytmatov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Mehmet Kaplan, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülənd Bakilər və başqalarının fikirləri də təqdim edilib.

Dərgidə Bəxtiyar Vahabzadənin dillər əzbəri olar şeirləri (“Ana dili”, “Axı dünya fırlanır”, “Vətən marşı”, “Bir sirdaş istəyirəm”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər”, “Mən türkəm” və b.) də oxuculara təqdim edilir.

Qeyd edək ki, dərgi millət vəkili Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gəlib. Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Mehmetoğludur.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.3.