Azərbaycanın pravoslav
icması Milad bayramını qeyd edib
Pravoslav xristianları, dünyanın müxtəlif yerlərində olduğu kimi, Azərbaycanda da Milad bayramını təntənə ilə qeyd edib. Dini tolerantlıq və multikulturalizm məkanı kimi tanınan ölkəmizdə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi bayram təbriki pravoslav xristian icması tərəfindən rəğbətlə qarşılanıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata tolerantlıq və multikulturalizm ideyalarının təbliğinə yönəlmiş tədbirlərin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Yanvarın 7-nə keçən gecə Milad bayramı münasibətilə Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində mərasim təşkil olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar.
Tolerantlığın kiçik bir modeli olan Nic qəsəbəsində (Qəbələ rayonu) də İsa peyğəmbərin mövludu günü – Milad bayramı təmtəraqla qeyd edilib. Qəsəbədə yaşayan udilər bayramdan bir gün əvvəl evlərində müxtəlif yeməklər və şirniyyatlar bişiriblər. Bayram günü səhər saatlarında hər kəs “Cotari” kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıb.
Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan qayğısından danışıb.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.
Qəsəbə sakini
Atari Qenuliya Nicdəki
“Cotari” alban kilsəsinin
əsaslı şəkildə bərpasını
tolerantlığa gözəl nümunə olduğunu
qeyd edərək deyib
ki, müsəlman və xristianların mehriban şəkildə birgə
yaşadığı Nic qəsəbəsi
tolerantlığın kiçik bir modeli sayılır.
Xatırladaq ki, 6 min nəfər
əhalisi olan Nic qəsəbəsində
3500-dən çox udi
yaşayır. Nicdəki məktəblərin ibtidai
siniflərində udi dili
tədris olunur, kilsədə dini ayinlər onların ana
dilində icra edilir. Qəsəbədə
üç kilsə və iki
məscid var.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.4.