Vyana Konservatoriyasında təhsil alan
azərbaycanlı tələbə
Avstriyanın paytaxtında F.Şubert
adına Vyana Konservatoriyası tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş
konserti keçirilib.
Konsertdə Çin, Koreya Respublikası, Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri
ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr
laureatı Ayan Məmmədli də çıxış edib.
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
Tofiq Quliyev adına 12 nömrəli
onbirillik Musiqi məktəbinin fortepiano ixtisası
üzrə məzunu Ayan Məmmədli Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbədir.
O, Vyana Konservatoriyasına
yüksək balla qəbul olub və onun təhsili
bütünlüklə dövlət
tərəfindən qarşılanır.
Konsertdə Şubert, Brams, Bax, Motsart,
Haydn və Bethovenin əsərləri
simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib. Ayan Məmmədlinin fortepianoda
solo ifası da böyük rəğbətlə
qarşılanıb. Konsertin sonunda F.Şubert
adına Konservatoriyanın rektoru Daniela Eqq, professor
Lefteris Qriqoriadis və
digərləri onun ifasına böyük dəyər verərək bildiriblər
ki, I kurs tələbəsi
olmasına baxmayaraq Ayan
son dərəcə professional
bir ifa təqdim edib. Həmyerlimiz Ayan
Məmmədlinin təhsil aldığı Avropada
qazandığı uğur həm də doğma vətəninin uğurudur.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.4.