Mədəni irsin qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilib

  

 

 

Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa-konservasiyası və təbliği Mədəniyyət Nazirliyinin fəaliyyətinin mühüm istiqamətlərindəndir. 2019-cu ildə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilib.

Dövlət proqramına uyğun olaraq, respublikanın 33 şəhər və rayonunda yerləşən, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş siyahı üzrə 1796 daşınmaz tarix və mədəniyyət abidəsinin, eyni zamanda göstərilən rayonlarda yerləşən 855 ədəd yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb, o cümlədən coğrafi koordinatları GPS vasitəsilə təyin edilib, fotoşəkilləri çəkilib.

Ötən il Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikintimuzey tərtibatı işləri, Bakının Xəzər rayonunun Şağan, Sabunçu rayonunun Maştağa qəsəbələrində Mədəniyyət mərkəzlərinin əsaslı təmiri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi başa çatdırılıb.

Qazax rayonunda, Gürcüstanla sərhəddə yerləşən “Sınıq körpü”, Şabran rayonu ərazisindəki “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin Quba rayonunda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüş Yerfi kənd məscidində sahibkarın dəstəyi ilə aparılan yenidənqurma və bərpa işləri aparılır.

Bundan əlavə, Quba rayonunun Birinci Nügədi kəndində məscid, Qobustan rayonunda Diri Baba türbəsi, Balakən rayonunda qala divarları, Hacıqabul rayonunda Pir Hüseyn xanəgahı, Qax rayonunda İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki qala, Gəncə şəhərində Tatlar məscidi, Gədəbəy şəhəri yaxınlığındakı kilsə, Şamaxı şəhərində Şaxəndan türbəsi və Lənkəran şəhərində yerləşən Dairəvi qalanın müvafiq olaraq bərpası, konservasiyası və gücləndirilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Şəki şəhərindəki Cümə məscidi və Gəncədəki Şahsevənlər məscidində elmi tədqiqat işlərinin aparılması üzrə işlər yekunlaşdırılıb.

Ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb. Hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri aparılır. Eləcə də Şamaxı rayonunda Pir Ömər ziyarətgahında tikinti-abadlaşdırma üzrə layihə işləri yekunlaşıb.

2019-cu ilin 22 oktyabrında ölkə başçısı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman (sənəddə Dövlət Xidmətinin beş regional idarəsi yaradılması əksini tapıb) imzalayıb. Prezidentin eyni tarixdə imzaladığı sərəncamla Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət qoruqları elan edilib.

Ötən il daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi də diqqət mərkəzində olub. Ölkə ərazisində yerləşən bir çox abidəyə müdaxilə hallarının aradan qaldırılması məqsədilə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları ilə birgə aparılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Arxeoloji qazıntı işlərinin aparılması üçün AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu tərəfindən verilmiş 59 vəkalətnamə Dövlət Xidmətində qeydiyyatdan keçirilib və aparılan qazıntı işlərinə aidiyyəti üzrə yerli abidə mühafizəçiləri tərəfindən mütəmadi olaraq nəzarət təşkil edilib.

Qoruq ərazilərinin öyrənilməsi məqsədilə elmi tədqiqat və arxeoloji işlər davam etdirilir. 2016-cı ildən başlayaraq Qobustan Milli Tarix-Bədii QoruğundaYeni baxış” layihəsi çərçivəsində aparılan çöl-tədqiqat işləri nəticəsində ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Mədəniyyət Nazirliyi, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli beynəlxalq memorandum əsasında “Aveyqoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ qoruğunun birgə fəaliyyəti nəticəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası tərəfindən qədim Qəbələ şəhər yerində arxeoloji tədqiqat işləri aparılıb.

Mədəni irs obyektlərinin qorunması və tədqiqində peyk təsvirlərinin imkanlarından istifadə olunması istiqamətində işlərin aparılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə hər iki təşkilatda görüşlər və təqdimatlar keçirilib, ilkin olaraq Gədəbəy rayonu üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.

İşğal altında yerləşən torpaqlardakı tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi ilə birgə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair 2020-2030-cu illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.6.