Azərbaycan Geologiya Muzeyi
İncəsənət muzeylərində və ya müxtəlif rəssamlıq sərgilərində gələnləri canlı bədii təsvirlər, portretlər, heykəllər, müxtəlif təbiət mənzərələri və görkəmli rəssamların yaradıcılığı cəlb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinin (Bakı şəhəri İsmayıl bəy Qutqaşınlı küçəsi 95) ekspozisiya zalında isə ziyarətçiləri təbiətin yaratdıqları, respublikamızın təbii sərvətləri, geologiya elminin və ölkəmizdə bu sahədə aparılmış işlərin nəticələri heyrətə gətirir. Paytaxtımızın muzeyləri silsiləsindən bu dəfə oxucuları Geologiya Muzeyi ilə tanış edəcəyik.
Muzey 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Azərbaycan Geologiya İdarəsinin nəzdində təşkil edilib. Həmin tarixdən etibarən ölkə geoloqlarının elmi tədqiqat işləri zamanı tapdıqları müxtəlif daşlar sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılan vəsaitlə muzeyin strukturu müasir tələblər səviyyəsinə uyğunlaşdırılıb, sahəsi genişləndirilərək 630 kvadratmetrə çatdırılıb. Əsaslı təmirdən sonra 2010-cu il dekabrın 25-də muzeyin açılışı keçirilib.
Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin təbliği və təşviqidir.
***
Muzeyin direktoru Kəmalə İmamverdiyeva bildirdi ki, kompleksin ekspozisiyası 6 salonda yerləşdirilib.
Regional geologiya bölməsində respublikanın ümumi geoloji quruluşu, faydalı qazıntıları haqqında məlumat verilir. Mineral-xammal bazasında Azərbaycan ərazisindəki bərk filiz və qeyri-filiz yataqları haqqında ümumi məlumat almaq olar. Bir çox yataqlar haqqında stendlər, həmin yataqlardan götürülmüş filiz nümunələri xüsusi vitrinlərdə göstərilir.
Petroqrafiya bölməsində dağ süxurlarının tərkibini, əmələ gəlməsini, genezisi ilə bağlı nümunələr təqdim edilir. Mineralogiya bölməsində ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar və kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr təşkil edir. Minerallar çox olduğu üçün onlar sistemli şəkildə - təsnifata əsasən bölünmüş vitrinlərdə yerləşdirilib.
Paleontologiya bölməsində ziyarətçilər qədim dövrdən müasir dövrə qədər məhv olmuş bitki və heyvan qalıqları ilə tanış ola bilərlər. Muzeyin maraqlı guşələrindən biri də Fototeka bölməsidir. Burada respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramlar nümayiş etdirilir.
Xüsusi stend, podium və vitrinlərdə Böyük Qafqazın cənub yamacında kəşf edilmiş kolçedan-polimetal yataqlarının və Kiçik Qafqazın polimetal, dəmir, alunit, mis-qızıl və civə yataqları qrupunun materialları diqqətimizi cəlb edir. Direktor qeyd edir ki, Azərbaycanda qızılçıxarma sənayesinin əsası qoyulan və son illərdə istismara verilmiş Gədəbəy, Qoşa və Çovdar qızıl yataqlarını xarakterizə edən qrafiki və daş materialları da ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Həmsöhbətimiz deyir ki, öz həcminə, süxur, mineral və filiz kolleksiyalarının tamlığına görə Azərbaycan Geologiya Muzeyi keçmiş ittifaq respublikalarının geologiya muzeyləri arasında öncül yerə sahibdir. Muzey fondu 10 mindən çox süxur, mineral və filiz nümunələrindən ibarətdir. Hazırda ekspozisiya zalında 5 mindən çox daş nümunəsi nümayiş etdirilir. Ən qədim süxurlar Kembriyə qədərki süxurlardır və 250 milyon il yaşı var. Ən cavan yəni, müasir dövr süxurları IV dövrə aiddir. Azərbaycanda Kembriyə qədərki qədim süxurlara Naxçıvan MR-də və Şəmkirdə rast gəlinir.
***
Muzeydə onu da öyrəndik ki, burada təkcə Azərbaycandan yox, dünyanın bir
sıra yerindən eksponatlar qorunur. Belə nümunələr ən çox mineralogiya, petroqrafiya bölmələrindədir. Burada Antarktidadan, Sakit okeandan, Kola yarımadasından, Uzaq
Şərqdən, Afrikadan, Cənubi Amerikadan eksponatlar yer alıb. Bundan başqa, Azərbaycan Hava
və Ekstremal İdman
Növləri Federasiyasının təşkilatçılığı
ilə dünyanın müxtəlif ən uca
nöqtələrinə - Azərbaycan-Antarktida,
Azərbaycan-Afrika (Klimancaro) və Azərbaycan-Cənubi
Amerika (Akonkaqua) elmi ekspedisiyaları təşkil edilib. Həmin yerlərdən əldə
olunan daş materialları və fotolar burada nümayiş olunur.
Ekspozisiyalarla tanış olarkən bəzi daş növlərinin adları diqqətimizi cəlb etdi. Direktorun sözlərinə görə,
bir çox dağ süxurlarının
və xüsusilə mineralların adları onları kəşf etmiş mühəndislərin
və görkəmli şəxslərin şərəfinə
adlandırılıb. Məsələn, “Hötit” adı
böyük alman ədibi İ.V.Hötenin,
“Obsidian” romalı zabit
Obsianusun şərəfinə
verilib. Muzeyin kolleksiyasında belə
nadir nümunələr kifayət
qədərdir.
Azərbaycan Geologiya Muzeyində üç tanınmış
geoloq alimimizin də şəxsi kolleksiyaları nümayiş
etdirilir. Bunlar Tofiq Məmmədovun “İslandiya şpatları”
adlı 55 nümunədən
ibarət kolleksiya, Akif İsmayılovun 62
mineral nümunəsindən ibarət kolleksiyası və Məhbubə Abdulqasımzadənin 120 nümunəlik
Üst Yura dövrü fauna kolleksiyasıdır.
Həmsöhbətimiz qeyd etdi ki, məktəblilər və tələbələr burada sərgilənən eksponatlara xüsusi maraq göstərirlər. Yerli vətəndaşlarla yanaşı, xarici turistlər də muzeyi ziyarət edirlər.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.6.