Milli İncəsənət Muzeyində “Qan yaddaşımız”

 

 

Yanvarın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərginin açılışı keçiriləcək. Sərgi xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunub.

Sərgidə Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, Sahib Quliyev  kimi rəssamların “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa tabloları nümayiş olunacaq.

20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Həmin gün milli azadlığımız, respublikamızın suverenliyi uğrunda ayağa qalxan dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə insan amansızcasına qətlə yetirilmiş və yaralanmışdı. Bu qanlı cinayət xalqımızın azadlıq eşqini söndürə bilmədi, bir il sonra Azərbaycan dövlət müstəqilliyini qazandı.

Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlardan silməmək üçün təsviri sənət ustalarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. “Qan yaddaşımız” sərgisində həmin əsərlərdən nümunələr yer alacaq.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.1.